Qaradağ rayonunun Qobustan qəsəbəsində sakinlər yol problemindən şikayətçidirlər.
Baku TV-nin qaynar xəttinə müraciət edən "Salyan şosesi" adlanan ərazinin sakinləri yaşadıqları küçəyə uzun illərdir asfalt çəkilmədiyini bildiriblər.
Sakinlərin sözlərinə görə, yağışlı havalarda yolda gölməçələr yaranır, piyadaların və avtomobillərin hərəkəti çətinləşir.
Onlar deyirlər ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticə əldə olunmayıb.
"Yaşlı adamam, bu yolda yeriyə bilmirəm, yıxılıram. Şəhid qızıyam. Xahiş edirik ki, bu küçəyə də diqqət ayrılsın, yol təmir olunsun", - deyə sakin narazılığını dilə gətirib.
Sakinlər ərazidəki zibil konteynerinin də ciddi narahatlıq yaratdığını bildiriblər.
Onların sözlərinə görə, üç yaşayış massivinin tullantıları eyni nöqtəyə atıldığından konteyner tez dolur, yay aylarında isə əraziyə kəskin qoxu yayılır.