Bakının Xətai rayonu ərazisində səkiyə qoyulan zibil qablarının yığışdırılması sakinlərin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Qeyd olunub ki, Xətai rayonunun Mehdi Mehdizadə küçəsində kiçik tullantılar üçün nəzərdə tutulan zibil qabları yığışdırılıb.

"Əvvəl bu küçədə müvafiq qablar var idi. Zibillər gec-gec daşındığı üçün müvafiq quruma şikayət etmişdik. Nəticədə gəlib zibil qablarını tamamilə küçədən yığışdırdılar. Bu addımı niyə atdıqları barədə isə heç bir məlumat ala bilmədik", - deyə şikayətdə bildirilir.

Oxu.Az-ın sorğusuna cavab olaraq Xətai Rayon İcra Hakimiyyətindən məsələyə aydınlıq gətirilib.
Bildirilib ki, sözügedən ərazidə zibil qablarının yığışdırılmasının səbəbi sakinlərin onlardan təyinatı üzrə istifadə etməməsi olub.
"Problem onda idi ki, ərazidəki binalarda yaşayan sakinlər həmin zibil qablarından təyinatı üzrə - yolüstü əldə ola biləcək xırda tullantılar üçün deyil, öz məişət tullantılarını atmaq üçün istifadə edirdilər. Yəni hər bir binanın ərazisində məişət tullantıları üçün iri konteynerlər olmasına baxmayaraq, sakinlər zibili konteynerlərə deyil, yolüstü həmin bu kiçik qabların yanında səkiyə atırdılar. Nəticədə küçə boyu xoşagəlməz mənzərə yaranırdı. Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, məişət tullantılarını yol kənarlarındakı kiçik qablara deyil, təyinatı üzrə nəzərdə tutulan müvafiq konteynerlərə atsınlar", - deyə açıqlamada bildirilir.