Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şəkinin Cumakənd kəndində çoxillik sağlam ağacların kəsilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Şəki rayonu ərazisində Cumakənd bələdiyyəsinin mülkiyyətinə məxsus sahədə ağacların kəsilməsi ilə bağlı məlumat araşdırılıb:
“Ağacların kəsildiyi sahə barədə dəqiq məlumat verilməməsi araşdırmanı çətinləşdirib. Dünən Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli idarəsinin əməkdaşları tərəfindən Əyriçay çayının kənarında 14 ədəd müxtəlif diametrlərdə qovaq cinsinə məxsus ağacların kəsilərək məhv edilməsi faktı aşkar edilib. Faktla bağlı akt tərtib edilib və 9 500 manat dəyərində ziyan hesablanıb”.
H.Əlizadə qeyd edib ki, ağacı kəsən şəxslər müəyyən edilib:
“Təbiətə dəymiş ziyanın məbləği cinayət xarakteri daşıdığından toplanmış sənədlər Şəki Rayon Prokurorluğuna göndəriləcək. Faktla bağlı araşdırma davam etdirilir”.
Qeyd edək ki, Şəki rayonun Cumakənd kəndində çoxillik sağlam ağacların kəsilməsi barədə məlumatlar yayılmışdı.
İlhamə Əbülfət