Qubada şəxsin xəstəxanada ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib.
Qeyd edilib ki, hamilə vəziyyətində olan 2003-cü il təvəllüdlü Səbinə Əmrahovanın iyulun 14-də ev şəraitində ona antibiotik preparatının inyeksiya edilməsindən sonra səhhəti pisləşdiyi üçün tibb müəssisəsinə yerləşdirilməsi, iyulun 15-də isə müalicə aldığı xəstəxanada özünün və bətnindəki dölün ölməsi faktı ilə bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır:
"Hazırda hadisənin başvermə şəraiti, ölümün səbəbi, göstərilmiş tibbi yardımın həcmi və digər əhəmiyyət kəsb edən hallar qanunvericiliyin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv şəkildə araşdırılır.
Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək və qanunauyğun qərarın qəbul edilməsi təmin olunacaq".
Quba Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib. 2003-cü il təvəllüdlü, 5 aylıq hamilə qadına antibiotik vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bununla bağlı Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 15-i saat 01:00-da 2003-cü il təvəllüdlü qadın Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Məlumata görə, pasiyentə seftriakson inyeksiyasına qarşı IV dərəcəli anafilaktik şok və ölü döl diaqnozları təyin edilib, ona zəruri tibbi yardım göstərilib.
"Pasiyent qəbul zamanı aqonal vəziyyətdə olub, ürək fəaliyyəti və ritmi qeydə alınmayıb. Ürəyin qapalı masajı və digər zəruri reanimasiya tədbirləri həyata keçirilib, pasiyentin həyat fəaliyyəti bərpa edilib.
Daha sonra tibbi göstəriş əsasında pasiyent üzərində cərrahi əməliyyat icra olunaraq ölü döl xaric edilib. Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilib.
Lakin pasiyent aparılan reanimasiya tədbirlərinə reaksiya verməyib və iyulun 15-i saat 17:10-da onun bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib", - deyə açıqlamada bildirilib.