Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qulu Ağsəs: "Adəmlə Həvvanın ilk fikri "üçüncü adam artıqdır" olub" - MÜSAHİBƏ + FOTO
"Bir gecə gözümə yuxu getmədi. Fikirləşdim ki, öləndən sonra deyirlər, əlimiz-ayağımız - yəni sümüklərimiz bizim üzümüzə dirənəcək etdiklərimizə görə. Ətimiz çürüyəcək axı. Elə bilirəm ki, qiyamət günü dünyada bütün ətlər çürüyəcək, amma o Bərdə yolundakı ət çürüməyəcək".
Bu sözləri Oxu.Az-a müsahibəsində şair, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs bildirib. Onunla müsahibəni təqdim edirik.
- Qulu Ağsəs üçün sevgi nədir?
- Sevgi... Yaş keçdikcə sevgiyə münasibət dəyişir. Mənə qəribə gəlir yaşlı adamların 17-20-30 yaşa uyğun sevgi şeirləri yazmağı. Çünki o cür sevgi şeirləri yaradıcılıqda bir mərhələdir. Sevgi də elə insan həyatında bir mərhələdir. Ona görə də mənim yaradıcılığımda sevgi şeirləri zaman-zaman dəyişib (şeirindən misranı misal çəkir): "əvvəl alına sürtərdi əlini, indi alın yazısına". Bilirsinizmi, indi mənim üçün alın yazısı alından daha şirindir. Bir var, insanı sevmək, bir də var, sevginin özünü sevmək. Mən insandan çox, sevginin özünü sevirəm. Mənim üçün aşiq olmağın özünə aşiq olmaq daha gözəldir. Aşiqləri də sevirəm, eşqi də. Bir vaxt elə bilirdim ki, mən özüm aşiq olmalıyam. Özüm aşiq deyiləmsə, dünyada eşq yoxdur. Amma belə deyilmiş. Dünyada daha böyük eşqlər var.
Zamanla bu nəticəyə gəldim ki, sevgidə, sən demə, üçüncü yox, ikinci adam artıqdır. Mənim üçün indi bütövlükdə dünya ikiadamlıq, sevginin özü isə biradamlıqdır. Hamının əzbər bildiyi bir deyim var: "Üçüncü adam artıqdır!" Baxın, ilk adamlar Adəm və Həvva olub. Mənə elə gəlir ki, onların ilk cümləsi elə "üçüncü adam artıqdır" olub. Və ona görə də mənim nəzərimdə Allah Yer kürəsini elə ikinəfərlik yaradıb. Amma adam sayı artan kimi fəsad yaranıb. Dünyada ilk savaş iki qardaş - Habil və Qabil arasında baş verib. Və elə dünyada ilk ölüm, ilk qətl də ondan sonra başlayıb. Qabil Habili, ehtimal olunur ki, heyvanın çənə sümüyü ilə öldürüb. Ukrayna-Rusiya müharibəsini mən həmin o iki qardaş arasında olan savaşa bənzədirəm. Volodimir və Vladimir, Habil və Qabil - hər iki nümunədə adlarda bir hərf fərqi var. Burada da insanların öz çənəsi işə düşməsə (yəni danışıqlar aparılmasa), heyvan çənəsi - silah işə düşsə, bu, sonsuza qədər davam edəcək. Yəni Habillə Qabil arasında da silah işə düşməsəydi, özləri danışıb bir razılığa gəlsəydilər, müharibələr, qətllər olmazdı. Bunu da deyim ki, mənə elə gəlir, qardaşlıq münasibətinə Azərbaycan və Türkiyə əsl nümunədir.
- Bəs sevgi niyə biradamlıqdır?
- Dünya ikiadamlıq, sevgi isə biradamlıqdır. Bir adam digərini sevirsə, o da onu sevirsə, çevrilir ona dönür və onlar nəticədə bir adam olurlar.
- "Səni sevməkdən də vacib işlərim var əlimdə, amma yenə səni sevirəm..." deyirsiniz şeirinizdə. Sevməkdən başqa nə vacib işiniz var ki?
- İnsan niyə sevir? Bunun çoxlu cavabları var. Onlardan ən ağlagəlməz variantını işlətmişəm - tənbəlliyi. İnsan sevəndə heç nəyə baxmır. Sevgiyə hər cür bəhanə tapır. Mənim də variantım tənbəllikdir. Sadəcə, sevməyimə bəraət qazandırmışam tənbəlliyimlə. "Dünya evinin son mərtəbəsi həqiqətdir. Addım-addım çıxırsan oraya. Əgər çıxa bilsən... Dünya evinin damı isə sevgidir. Oraya birinci mərtəbədən qalxmırlar, göydən enirlər. O hündürlükdən aşağı görünmür. Ona görə sevənlərin gözləri ayaqlarının altını görmür. Görürsünüz, "tənbələm" deməkdə haqlıyam. Mən bu dünya evinin damına birinci mərtəbədən qalxmıram, göydən enirəm. Sevənlər oraya yuxarıdan - göydən enirlər.
- Dünyada yeddi not, yeddi rəng var. Bəs söz?
- Mənə elə gəlir ki, bizə qədər bütün sözlər artıq deyilib. Sözün təmiz, bakir vaxtlarında biz olmamışıq. Klassiklər isə onların hamısından orta, ali və ən ali dərəcədə, hər cür formada istifadə ediblər. Bizim payımıza düşən isə istismar müddəti bitmiş sözləri təzədən istismara buraxmaqdır. İnanmıram ki, bizə qədər istifadə olunmayan söz qalmış olsun. Bizim işimiz əvvəlkilərdən qat-qat ağırdır. Biri var, həmin o mədənə birinci sən girəsən, görəsən ki, hər yer qızıldır. Ürəyin istəyən qədər və necə istəyirsən, ondan yararlanasan. Bir də var ki, həmin o qızıl mədəni artıq sənə qədər talan olunub. Harada isə küncdə-bucaqda, orada-burada talançıların əli çatmayan yerlərdə qızıl qalıb. Sən gedib onu tapmalısan. Ondan istifadə edib üzə nə isə çıxarmalısan. Əlbəttə ki, bizim işimiz daha çətindir.
- Müasir şeirlərdə yeni sözlərə çox rast gəlirik. Bəzən qulağa yatır, bəzən isə elə yamaq kimi səslənir və sanki şeiri rəvanlıqdan çıxarır.
- Bəli, elə nümunələr var ki, o müasir sözlər, sadəcə, öz yerini orada düzgün tutmur. Ona görə də şeirə oturmur, yamaq kimi görünür. Məncə, dünyada elə söz yoxdur ki, şeirə yatmasın. "Metronun yaylı qapıları..." - görün Əli Kərim metro sözünü nə gözəl işlədib şeirdə. Mən instaqram, karantin, vatsap, baxış sayı və s. kimi müasir sözləri şeirlərimdə istifadə etmişəm. Məktub olur, SMS olmur? Məktub bugünkü SMS-dir də. Niyə istifadə olunmasın ki?! İstənilən sözü ədəbiyyata gətirmək olar. Çünki ədəbiyyat mənbəyini həyatdan götürür. Bugünkü həyatımızda baş verən proseslər kimi, istifadə olunan sözlər də ədəbiyyata birbaşa sirayət etməlidir. Obraz, əgər söyüş söyürsə, qaba danışırsa, təbii ki, ədəbiyyatçı onu elə göstərməlidir. Xüsusən də müharibə mövzularında yazırsa. Real müharibədə heç kim "zəhmət olmasa, kənara durun, sizə "Qrad" atıram" demir. Bütün hirsi, qəzəbi və hikkəsi ilə ağzına gələn ifadəni deyir, söyür, təhqir edir, bombasını da atır. Ernest Heminquey deyirdi ki, rus dilində fit çalmağın və söyüş söyməyin əvəzi yoxdur. Adam müharibələr görüb, hərbi jurnalist olub. O da bunu deyir. Amma məqamında və yerində işlədilməlidir bütün sözlər. Ədəbiyyat ustalıq tələb edən bir sahədir. Söz əldə silahdır, istənilən anda partlada bilərik. Təəssüf ki, sözdən qorxmayan adamlar var, ondan necə gəldi istifadə edirlər. Düşünürəm ki, sözə qarşı çox diqqətli və ehtiyatlı olmaq lazımdır.
- Ədəbi tənqiddən indi çox danışırlar. Əsasən, şair və yazıçılar narazılıq edirlər. Sizcə, bu nə ilə əlaqədardır?
- Tənqidi indi çox tənqid edirlər. Mənə elə gəlir ki, tənqidi bu qədər tənqid etmək lazım deyil. Tənqidin günahı varsa, bu, qəzet, jurnal redaktorlarının günahıdır. Biz tənqidçiyə elə qonorar verməliyik ki, o prosesi incələməkdə maraqlı olsun. Həmin qonorarı verməyəndə belə olacaq da. Tənqidçiyə naşir normal qonorar verməlidir ki, al, bu kitabı çöz. Çox təəssüf ki, naşirlər tənqidçilərlə işləmirlər. Onlara o qədər az qonorar verilir ki... Tənqidçilər də (təbii ki, hamısından söhbət getmir) pul xətrinə kimisə tərifləyir, kimisə pisləyirlər.
Bilirsiniz, mən nə tənqidçiləri qınayıram, nə də pul verib onlara tənqid adı altında tərif yazdıranları. Tənqidçi çörəkpulu qazanır. Haqqında yazılanlar da belə xoşbəxt olurlar. Biz durduğumuz yerdən baxanda bizə gülməli gəlir. Amma bəlkə də, qarşı tərəfdə olanlar bizə baxır və gülürlər. Deyirlər ki, bunlardan yazı yazan da yoxdur, pulları da yoxdur, hələ bir bizi də bəyənmirlər. Onlardan biri söhbət zamanı dedi ki, məni gözləri götürmür. Yəni onlar əgər bununla xoşbəxt olurlarsa, buraxaq, xoşbəxt olsunlar. Adamın illərlə yazdığı şeirlərin içində bir dənəsi pasportuna çevrilməyibsə, bir obraz, bir xarakter yarada bilməyibsə, nə deyəsən?! Amma sevinirlər ki, sonuncu kitabım 347 səhifədir. Adamlar hələ vəzifəli adamları kök, istedadlı adamların kitabını qalın görürlər. Adam kökdürsə, vəzifə ona yaraşır. Kitabı qalındırsa, deməli, istedadlıdır da, yazıb.
Düşünürəm ki, Azərbaycanda istedadlı, istedadsız yazıçı yoxdur. Pullu və pulsuz yazıçı var. Kitab çıxarmaq, PR işləri, xarici dillərə tərcümə, tənqid və s. üçün pul lazımdır. Amma tənqidçiyə pul verib özünü tərifləməyin mənası yoxdur. Bilirsinizmi, ədəbiyyat Xəzər dənizi kimi bir yerdir. Ona zibil atsan, mütləq çıxaracaq sahilə. Ədəbiyyatda gərək daş kimi olasan. Atasan özünü dənizə, batasan dibə və bir də çıxmayasan. Üstünü də yosun bassın. Mən ədəbiyyata daş kimi düşməyin tərəfdarıyam.
- Bu gün ədəbiyyatda olmaq üçün istedada ehtiyac varmı?
- Akademik Azad Mirzəcanzadənin bir yaxşı sözü vardı: "Bir qaşıq istedad və bir vedrə həyasızlıq lazımdır. Çağdaş populyarlığın formulu budur". Azad müəllim bunu deyəndə hələ istedad bir qaşıq idi. Amma indi nəinki istedad, heç qaşığın özü də yoxdur. Ancaq bir vedrə həyasızlıq var.
- Deyirlər, indi oxucu sayı çox azdır.
- Mən oxucumdan şikayətçi deyiləm. Bəli, onlar azdırlar. Amma mənim üçün hər şeydirlər. Mənim oxucularım həm şairdir, həm yazıçıdır, həm redaktordur, həm korrektordur, həm tənqidçidir. Mən, ümumiyyətlə, bütün çoxluqların əleyhinəyəm. Düşünürəm ki, oxucunun azlığı-çoxluğu problem deyil. Əsas məsələ - keyfiyyətli oxucu qazanmaqdır. Bəzən bunu özümə təsəlli kimi qiymətləndirirlər. Qoy elə düşünsünlər. Amma bu belə deyil. "YouTube"da 400 milyon baxışı olan azərbaycanlı "ifaçı" var. Amma Rəşid Behbudovun "Payız" mahnısını dinləyirəm. Həmin platformada baxış sayı min yüz nəfərdir. Həmin o min yüz adamın əlindən öpmək olar. Çox az da şərh yazılıb. Bilirsiniz nəyə görə? Mən özüm də istədim şərh yazım, amma yaza bilmədim. O qədər gözəldir ki, adam yazmağa söz də tapmır. Yəni o azlıq qorxulu deyil. Burada əsas keyfiyyətdir.
- Nəyi gözləyirsiniz?
- Bir dəfə Qarabağa gedirdik. Mən də çəkiliş qrupunun rəhbəri idim. Yevlax-Bərdə yolunda ət satırdılar. Dedim, elə buradan alım, çatdığımız yerdə verib bişirtdirib, yeyərik. Əti alanda satıcı dedi ki, olar, bir az artıq ödəyəsiniz, bu ətdən mən də götürüm?! Mənə qəribə gəldi. Dedim, heyvan sənin qabağındadır, onu sən satırsan. Dedi ki, mən günə min manat (1990-cı illərin məzənnəsi ilə) alıram, onu da çörəyə verirəm. Nədənsə mənə elə gəldi ki, o məni aldadır. Vermədim. Bir gecə gözümə yuxu getmədi. Fikirləşdim ki, öləndən sonra deyirlər, əlimiz-ayağımız - yəni sümüklərimiz bizim üzümüzə dirənəcək etdiklərimizə görə. Ətimiz çürüyəcək axı. Elə bilirəm ki, qiyamət günü dünyada bütün ətlər çürüyəcək, amma o Bərdə yolundakı ət çürüməyəcək. O mənim üzümə dirənəcək ki, sən məni alıb o adama vermədin. Düşündüm ki, doğrudan da, bu, min manat pul alırsa, nə etsə də, evinə ət ala bilməz. Amma mənə orada elə gəlmişdi ki, o adam məni hərifləmək istəyir. İndi də oturmuşam, hesab gününü gözləyirəm.
- Adamları tanıya bilirsiniz?
- Mən adamları əllərindən tanıyıram. Görüşüb salamlaşanda, əl verəndə mənfi və ya müsbət enerjini hiss edirəm. O enerji mənə əldən gəlir. Və deyim ki, mənim bütün günümə bəs edir.
- Bilirəm ki, futbola marağınız var. Futbolla bağlı arzunuz varmı heç?
- İspaniyada, Madridin "Santyaqo-Bernabeu" stadionunda qapıya top vurmaq istəyərdim. Çox ürəyimdən keçir. Amma boş qapı olsun ki, vura bilim. Qapıçı olsa, yüz faiz tutacaq, qol vura bilməyəcəyəm.
Daha çox foto burada: PhotoStock.az
Xanım Aydın
Rəylər