Hərbi ekspert Şair Ramaldanovun qəzaya düşən yaxınlarının vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qusar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Qeyd olunub ki, yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və sıyrılmış yaraları, politravma, qamış sümüyünün üçdəbir hissəsinin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib:
"2022-ci il təvəllüdlü (hər ikisi kişi cinsli) azyaşlıların vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.
Müalicələri Reanimasiya şöbəsində davam etdirilən 1966-cı il (qadın) və 2017-ci il (kişi) təvəllüdlü şəxslər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina ediblər".
Məhərrəm Əliyev
Qusarın Yuxarı Ləgər kəndi ərazisində baş verən yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.
Oxu.Az xəbər verir ki, qəzada sərnişinlərdən 36 yaşlı Tamilla Ramaldanova və 43 yaşlı Cəmilə Bağırova həyatlarını itiriblər.
Qəzaya uğrayan "Kia Sorrento"nu 63 yaşlı Fariza Ramaldanova idarə edib.
O və daha üç nəfər - 2022-ci il təvəllüdlü Arman və Adam Qoşqar oğlu Rəhimovlar, 2017-ci il təvəllüdlü Rüstəm Qoşqar oğlu Rəhimov Qusar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Avtomobildə qəzaya uğrayan şəxslərin ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanovun qardaşı İlham Ramaldanovun ailə üzvləri olduğu bildirilib.
Qusarda baş verən qəza zamanı yaralanan şəxslərin vəziyyəti məlum olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qusar Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Qeyd olunub ki, dekabrın 14-də saat 15 radələrində Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (1 qadın, 3 kişi) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və sıyrılmış yaraları, politravma, qamış sümüyünün üçdə bir hissəsinin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri ağır qiymətləndirilən 1966-cı il (qadın) və 2017-ci il (kişi) təvəllüdlü pasiyentlərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. 2022-ci il təvəllüdlü (hər ikisi kişi cinsli) azyaşlıların vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda deyilir.
Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Hər iki şəxsin meyiti təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.
Şükufə Süleymanlı
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən KIA markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşdığı və vətəndaşın nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan 1 nəfər qadın xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.