Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qusarda istirahət mərkəzinin fəaliyyəti dayandırıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata görə, bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Qusar rayonu, Qayakənd kəndi ərazisində yerləşən "Qayi Bulaq" istirahət mərkəzində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib:
- obyektdə avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb;
- standarta uyğun olmayan elektrik və qaz cihazlarından istifadə olunur;
- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib.
- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
- təxliyə planı mövcud deyil;
- obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Qusar rayonu, Qayakənd kəndi ərazisində yerləşən "Qayi Bulaq" istirahət mərkəzinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
