Yanvarın 23-də daxili işlər naziri general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2014-cü ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Oxu.Az xəbər verir ki, müşavirəni açan nazirin sözlərinə görə, ötən il qanunla müəyyən edilmiş vəzifələr, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilsə də, paytaxt polisinin xüsusən idarəçilik fəaliyyətində nöqsanlara yol verilib.
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov hesabat dövründə cinayətkarlıqla mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.
O deyib ki, hesabat dövründə Bakı şəhərində qeydə alınmış 11 min 635 cinayətin 84,6%-i az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərdir.
“Əvvəlki illə müqayisədə qəsdən adam öldürmələr 3,4%, adam öldürməyə cəhdlər 31,8%, zorlamalar 2,1 dəfə, adam oğurluğu faktları 6 dəfə azalıb, qəsdən sağlamlığa ağır zərər vurmalar sabit qalıb”.
Mirqafar Seyidovun sözlərinə görə, cinayətlərin 71,7%-nin, ağır növlərinin 75%-nin, qeyri-aşkar şəraitdə baş verənlərin 59%-nin açılması təmin olunub.
“Şəxsiyyət əleyhinə olan 1914 cinayətdən 92%-i, o cümlədən qəsdən adam öldürmələrin 91,3%-i, adam öldürməyə cəhdlərin hamısı açılıb”.
İdarə rəisi məlumat verib ki, ötən il təqsirləndirilən şəxs qismində axtarışda olanların 73%-i, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 60,7%-i tutulub.
“Bununla yanaşı, 59 soyğunçuluq və quldurluq cinayəti törətmiş 131 nəfərdən ibarət 54 qrup, eləcə də mənzillərdən 91 oğurluq törətmiş 86 nəfərdən ibarət 35 cinayətkar qrup zərərsizləşdirilib”.
Baş İdarənin rəisi, eyni zamanda, əməliyyat-xidməti fəaliyyətdə buraxılmış nöqsanlar, xüsusən, cinayətlərin ümumrespublika göstəricilərindən aşağı olan açılma faizinin yaxşılaşdırılması ilə bağlı qarşıda duran vəzifələr barədə də geniş məlumat verib.
Müşavirəyə yekun vuran nazir 2014-cü ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib.
Ramil Usubov Baş İdarənin və onun struktur qurumlarının rəislərindən fəaliyyətin təkmilləşdirilməsini, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə analitik işin səviyyəsinin yüksəldilməsini, bu əsasda idarəçilik və təşkilatçılıq fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasını, icra və xidməti intizamın daha da möhkəmləndirilməsini tələb edib.