“Virusla mübarizədə bütün müalicə metodları ölkəmizdə də tətbiq olunur”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, deksometazonla müalicə yeni metod deyil:
“Biz arı sancmasında da bu dərman preparatından istifadə edirik. Lakin bu müalicə metodları həkim nəzarətində tətbiq olunur. Hazırda ağır vəziyyətdə olan xəstələrimizin müalicəsində deksametazondan protokola uyğun şəkildə istifadə edilir”.
R.Bayramlı qeyd edib ki, insanlar qeyri-peşəkarcasına deksometazon dərman preparatından evdə istifadə etməməlidirlər:
“Biz bu gün virusun ən ağır zədələrində bu dərmandan bəlli doza ilə toxumaların bərpası üçün istifadə edirik. Apteklərə bu dərmanla bağlı kütləvi müraciətlərin olduğuna dair məlumatlar almışıq.
Qətiyyən buna yol vermək olmaz. Çünki bu, orqanizmi daha da sıradan çıxara bilər. Xahiş edirik ki, həkim nəzarəti olmadan, istifadə qaydalarına tam bələd olmadan heç bir dərman preparatından istifadə etməyin”.
Könül Cəfərli