Aprel ayının 19-da Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) region nümayəndəliklərinin rəhbərləri ilə “Region gəncləri: yeni reallıqlar və imkanlar” adlı onlayn müşavirə keçirib.
Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən zəruri sosial izolyasiya tədbirləri şəraitində region gənclərinin təhsil, özünüinkişaf və ünsiyyət baxımından qarşılaşdıqları müvəqqəti çətinliklərin alternativ yollarla aradan qaldırılması, bu baxımdan vaxtdan və müasir informasiya texnologiyalarından səmərəli istifadə və bununla əlaqədar, GİKM nümayəndəliklərinin görə biləcəyi işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Müşavirədə region nümayəndəliklərinin rəhbərləri ilə məhz bu dönəmdə görülən işlər, yaranan çətinliklər və mövcud vəziyyət müzakirə edilməklə yanaşı, gənclərin maraq dairələrinin və ehtiyaclarının regionlar üzrə müəyyənləşdirilməsi və dəyərləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Müşavirədə toxunulan əsas məsələlərdən biri də post-karantin dövrünə hazırlıq, gələcəkdə icra ediləcək layihələr, həyata keçiriləcək tədbirlər, seminarlar və təlimlər olub. Belə ki, gənclər dövlət başçısının rəhbərliyi ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən görülən tədbirləri dəstəklədiklərini, bu tədbirlər nəticəsində ölkəmizin tezliklə karantin dövrünü arxada qoyacağına əmin olduqlarını və bu vəziyyətə artıq indidən hazır olmağın vacibliyini vurğulayıblar.
Sonda müəyyən olunmuş fəaliyyət istiqamətləri üzrə konkret təkliflərin hazırlanması razılaşdırılıb.
