Səhiyyə Nazirliyi rezidenturaya qəbul olmaq istəyən bir qrup namizədin narazılıqlarına münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Oxu.Az-a bildirib ki, namizədlər 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul üzrə plan yerlərinin azaldılmasından və bu baradə gec məlumatlandırılmalarından narazılıqlarını ifadə edib:
“Müraciət edənləri nazirlikdə nazir müavini və digər əməkdaşlar qəbul edib. Həkimlərə müvafiq izahatlar verilib, onların sualları ətrafında müzakirə aparılıb.
Müraciət edənlərə məlumat verilib ki, Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli, 330 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən, Azərbaycan vətəndaşlarının rezidenturaya qəbul planı hər bir ixtisas üzrə həkim-mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Səhiyyə Nazirliyinin təklifləri əsasında Nazirlər Kabineti tərəfindən müəyyən edilir”.
Səfayə Əhmədova qeyd edib ki, hər il dövlət sifarişi üzrə plan yerləri müəyyən edilərkən respublikada həkim-mütəxəssislərə olan tələbat nəzərə alınır:
“Tələbat, əsasən, bölgələrdə ailə həkimlərinə və təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimlərə, eləcə də, hazırlığı rezidenturada aparılan müəyyən ixtisaslar üzrə həkim-mütəxəssislərə mövcuddur.
Tələbatın mövcudluğu ilə əlaqədar baza ali tibb təhsili əsasında müəyyən vakant vəzifələrin tutulması da mümkündür. Eyni zamanda, bölgələrdə kadr çatışmazlığı nəzərə alınaraq, 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul üzrə plan yerlərinin müəyyən hissəsinə məqsədli qəbul aparılacaq”.
İlhamə Əbülfət
www.oxu.az