Peterburqda azərbaycanlı general, Rusiya İmperiyasının sonuncu cəngavərlərindən olan Hüseyn xan Naxçıvanskinin heykəli ucaldılacaq.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, təşəbbüskar olaraq “Naxçıvan” Azərbaycanlıların dostlarının milli-mədəni birliyi çıxış edib.
Təşkilatın sədri İdris Qəhrəmanovun sözlərinə görə, təşəbbüsün yaranmasına səbəb Rusiya prezidenti Vladimir Putinin 27 iyun 2012-ci il tarixində Federasiya Şurasının üzvləri qarşısında çıxışı olub. Putin çıxışında bildimişdi ki, Birinci Dünya Müharibəsinin unudulmuş qəhrəmanları yad edilməli, hazırkı və gələcək nəslin vətənpərvərlik hissini artırmaq lazımdır.
Hazırda Təşkilat Komitəsi heykəlin hazırlanması və ucaldılması ilə bağlı xərclərin smetası hazırlayır. Heykəlin hündürlüyü 2.5 metr, postamentin hündürlüyü isə 2.75 metr olacaq.

Qəhrəmanov həmçinin qeyd edib ki, bu layihənin əsas məqsədi Rusiya və Azərbaycanın qardaş xalqlarını yaxınlaşdırmaqdır. Təşəbbüskarlar ümid edirlər ki, Hüseyn xan Naxçıvanskinin heykəlinin açılışına Azərbaycan və Rusiya prezidentlərini dəvət edəcəklər. Bu dövlətlərarası münasibətlərin gücləndirilməsi istiqamətində dostluq addımdır.