Həştərxan vilayətinin qubernatoru yanında keçirilən etnokonfessional şura zamanı region başçısı Aleksandr Jilkin, 17 fevral tarixində yanan evdən iki azyaşlı uşağı və onların anasını çıxardaraq xilas edən Orxan və Sərxan Məmmədov qardaşlarına öz adından fəxri fərman və qol saatı bağışlayıb.
Oxu.Az Vesti.az-a istinadən bildirir ki, Ümumrusiya Azərbaycan konqresinin (ÜAK) Həştərxan regional şöbəsinin sədri Ədalət Hüseynovun bəyan etdiyinə görə, Aleksandr Jilkin Məmmədov qardaşlarına göstərdikləri cəsarət və qəhrəmanlığa görə təşəkkürünü bildirib.
Həştərxan vilayətinin administrasiyasının rəhbəri Kanat Şantimirov qeyd edib ki, azərbaycanlılar cəmiyyətdə öz mövqelərini daha fəal göstərməyə başlayıblar və belə faktlar kütləvi informasiya vasitələrində öz əksini tapmalıdır.
Qeyd edək ki, Orxan və Sərxan Məmmədov qardaşlarının təltif edilməsi təşəbbüsçüsü ÜAK Həştərxan şöbəsinin sədri Ədalət Hüseynovdur.