Krasnoyarskda qadın və kişinin qətli və intihar hadisəsinin baş vermə səbəblərini araşdırırlar.
Onların üzərində odlu silahdan açılmış yaralar olan cəsədləri iyunun 27-də axşam saat 23:00 radələrində, şəhərin Kuznetsov platosu adlı yerində aşkarlanıb.
Cəsədlərin yanında lüləsi kəsilmiş ov tüfəngi olub.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, onları həmin yerdə motosiklet sürən gənc oğlan aşkarlayıb.
Yaxınlıqdan keçən motosikletçi qapıları açıq olan, yanında isə kişi və qadın cəsədlərinin olduğu Dodge markalı avtomobili aşkarlayıb.
Əvvəlcə müstəntiqlər bunun qətl olduğunu düşünsələr də, sonradan böyük ehtimalla söhbətin 37 yaşlı kişinin əvvəlcə qadını, sonra isə özünü güllələməsindən getdiyini müəyyənləşdiriblər.
“İstintaq baş vermiş hadisənin bir neçə versiyasını, o cümlədən qadının keçmiş əri tərəfindən öldürülməsi və kişin sonradan intihar etməsi hadisəsini araşdırır” – deyə, idarədən bildiriblər.
İlkin məlumatlara görə, hadisə şəxsi münaqişə zəmnində baş verib. Məlumdur ki, cəsədləri aşkarlanan azərbaycanlılar əvvəlcə ailəli olublar. Qadının qardaşının dediklərinə görə, arvadının xəyanət etməsindən sonra kişi onu Azərbaycana qayıtmağa məcbur edib və geri qayıdacağı təqdirdə öldürəcəyi ilə hədələyib. İyunun 23-də qadın geri qayıdıb.
Qardaşı bacısının Rusiyaya qayıtdıqdan sonra nə etdiyini bilmir. Hazırda baş vermiş faktla bağlı araşdırma aparılır, hadisənin bütün təfərrüatları öyrənilir.