Üç ay əvvəl Moskva vilayətində itkin düşən 17 yaşlı Qumru Mirsaleh qızı Əhmədovanın ölümü ilə bağlı ilkin ekspertiza rəyi açıqlanıb.
Oxu.Az xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanlarından APA-nın Moskva müxbirinə verilən məlumata görə, Qumru Əhmədova donvurmadan ölüb. Onun qarlı-buzlu havada yıxılaraq huşunu itirdiyi və donvurmadan öldüyü bildirilib. Ekspertiza rəyində Q. Əhmədovanın meyiti üzərində hər hansı zorakılıq əlamətlərinin aşkarlanmadığı qeyd olunub.
Moskva vilayətinin Dolqoprudnıy şəhərindəki Azərbaycan diasporunun rəhbəri Namus Nağıyev bildirib ki, ekspertiza Q. Əhmədovanın qanından da nümunə götürüb: "Qumru son dəfə sinif yoldaşları ilə birlikdə məclisdə olub. Orda onun yeyib-içməyinə nəsə qatılıb-qatılmaması sualının cavabı yalnız qanın ekspertizasından sonra məlum olacaq. Qumrunun yıxılıb huşunu itirməsinin səbəbi də qanın ekspertizasından sonra aydınlaşacaq".
Qeyd edək ki, ötən il dekabrın 26-da itkin düşən Moskva vilayəti Dolqoprudnıy şəhərinin sakini Qumru Əhmədovanın meyiti martın 15-də axşam saatlarında itkin düşdüyü yerdən 10 dəqiqəlik məsafədə yerləşən kombinatın həyətində aşkar olunub. Hüquq-mühafizə orqanları Q. Əhmədovanın ailəsinə bu barədə məlumat verib. Bu gün səhər saatlarında ailəsi cəsədə baxış keçirib və onun Qumru Əhmədova olduğunu təsdiqləyib. Cəsədin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. Üstündəki telefon, qızıl əşyalara da toxunulmayıb.
13:40
Martın 15-də Dolqoprudnı rayonunda, Moskva daş emalı kombinatının yaxınlığında yerləşən Qranitnaya küçəsindən ötən ilin dekabrında itkin düşmüş azərbaycanlı qız, 17 yaşlı Qumru Əhmədovanın cəsədi tapılıb.
Oxu.Az amornews.az-a istinadən xəbər verir ki, cəsəd qızın izinin itirildiyi yerdən piyada 10 dəqiqəlik məsafədən tapılıb.
Mənbələr bildirirlər ki, bu gün Qumrunun valideynləri səhər saat 9-da morqa gəliblər və qızlarını tanıyıblar. Onun bədənində heç bir xəsarət və ya zədə aşkarlanmayıb. Həmçinin qətl, zorlama yaxud quldurluq izləri yoxdur. Bütün qiymətli əşyaları üzərində qalıb.
Cəsəd zavod ərazisində tapılıb. O, üzüaşağı vəziyyətdə olub. Ölümün donma səbəbindən baş verdiyi güman olunur.
Qumru Əhmədova 2014-cü il dekabrın 26-da dünyasını dəyişib. Hazırda meyitin yarılması prosesi gedir.
Xatırladaq ki, ötən il dekabrın 26-da Moskvanın Dolqoprudnı rayonunda 17 yaşlı azərbaycanlı qız Qumru Əhmədova itkin düşmüşdü.
“Biz rəfiqələrimizdən birinin evində rübün sonunu qeyd etməyə yığışmışdıq. Bir az oturduq. Qumru hamıdan öncə getdi. O, milliyyətcə azərbaycanlıdır. Onun ailəsi yetərincə ciddidir, ona evə tez qayıtmağı tapşırmışdılar”- qızın sinif yoldaşlarından biri “KP”-yə danışmışdı.
Qız saat 16.00-da rəfiqəsi ilə birgə çıxıb. Bir neçə dəqiqədən sonra küçədən keçən bir nəfər onun telefon ilə danışdığını görüb. Saat 16.11-də o Vkontakte səhifəsinə daxil olub.
“Təxminən elə bu zaman arvadım ona zəng edib evə gəlməsini deyib. 15 dəqiqə sonra isə onun telefonu artıq cavab vermirdi. Biz narahat olmağa başladıq. Mən uşağın itməsinə dair polisə xəbər verdim. Ümid edirdik ki, indi harda olsa gəlib çıxacaq. Gecə saat 3-də artıq polisə gedib itkin düşməsi barədə ərizə yazdım”- qızın atası Mirsaleh Əhmədov o zaman “KP”yə bildirmişdi.