Azərbaycanda “namus üstündə qətl” problemi çox kəskindir.
Vəziyyət o həddə çatıb ki, qətllərin böyük əksəriyyəti məhz bu zəmində törədilir. Belə ki, KİV-in monitorinqinə əsasən, 2012-ci ildə 227 qətl hadisənin təxminən 167 məhz “namus üstündə” törədilib.
Bu barədə “Exo” ilə söhbətdə Qadın Böhran Mərkəzinin (QBM) rəhbəri Mətanət Əzizova bildirib.
“Bizdə belə cinayətlərin qurbanları haqqında rəsmi rəqəmlər yoxdur, lakin aydındır ki, problem kifayət qədər geniş yayılıb. Öz təcrübəmdə qızların valideynlərinə qulaq asmamalarına və ya zorlanmış qızın, ya da insan alveri qurbanının evə qayıtmasına görə öldürülməsi halları ilə qarşılaşmışam. Onları sadəcə cəmiyyətin ənənələrini pozduqları üçün öldürürdülər. Tez-tez cəmiyyət özü kişini bu cinayətə təhrik edir, ondan hərəkətə keçməyi tələb edir. Əksər hallarda məhz cəmiyyət qarşısında utanc hissi “namus üstündə qətllərə” səbəb olur.
Problemin digər tərəfi hüquq-mühafizə orqanları və məhkəmə instansiyalarının kişinin öz şərəfini qoruması rəyindən çıxış etmələri, bu işdə kişi həmrəyliyi nümayiş etdirmələrindədir. Yəni, cinayətkarları müdafiə edirlər, cəmiyyət özü onların tərəfinə keçir. Bəzən qatillər sadəcə bu motivdən öz əməllərini pərdələmək üçün istifadə edirlər. Belə ki, içkili vəziyyətdə olan və ya narkotik qəbul etmiş kişi müxtəlif səbəblərdən, o cümlədən pula ehtiyac üzündən günahsız ailə üzvlərini qətlə yetirir, sonra isə fəxrlə bəyan edir ki, bunu “öz namusunu qorumaq üçün” edib. Əslində, o özü də başa düşür ki, bu bəyanat məhkəmədə ona kömək olacaq, orada qərar çıxarılarkən bir növ “yüngülləşdirici hal” olacaq və həmin cinayətkar həbsxanada hörmətlə qarşılanacaq” – deyə, ekspert bildirib.
M.Əzizova qeyd edib ki, məhz stereotiplər belə cinayətlərin sayının artmasına gətirir.
“Dövlətin özü “namus üstündə qətllərlə” mübarizə aparmalıdır, çünki biz bir sıra beynəlxalq sənədlər imzalamışıq. Orada isə deyilir ki, ölkədə qadınların hüquqlarının pozulmasıan və onların alçaldılması, öldürülməsinə gətirən ənənələr varsa, dövlət onların dəyişdirilməsinə və qadın hüquqlarının pozulmamasına nail olmağa çalışmalıdır”.
Öz növbəsində “Təmiz dünya” ictimai təşkilatının sədri Mehriban Zeynalova “Exo”ya bildirib ki, Azərbaycanda orta hesabla həftədə iki “namus üstündə qətl” törədilir:
“Təmiz dünya” ictimai təşkilatının KİV-də apardığı monitorinqə əsasən, 2012-ci ildə təxminən 109 “namus üstündə qətl” törədilib, bu cinayəti törətmək istəyi ilə bağlı təxminən 63 cəhd qeydə alınıb. 2011-ci ildə 136 nəfər öldürülüb. 2013-cü ildə isə artıq təxminən 38 “namus üstündə qətl” törədilib.
Bununla yanaşı, “namus üstündə qətl” problemi bütün dünyada yayılıb.Bu problemə The İndependent qəzetinin icmalçısı Robert Fisk də diqqət yetirib. Öz materialında R.Fisk qeyd edir ki, sonuncu qadağan mövzulardan biri dünyada hər il ən azı 20 min qadının “namus üstündə” öldürülməsidir.
“Problem təkcə Yaxın Şərqin ərazisi ilə məhdudlaşmır: bu xəstəlik sürətlə yayılır” – deyə, o qeyd edir.
Hüquq müdafiəçilərinin və KİV-in məlumatına görə, guya ailənin şərəfinə xələl gətirmiş günahsız insanların qətlləri ildən ilə artır.
“Sankt-Peterburqda Azərbaycandan olan mühacir milli adət-ənənələrdən uzaqlaşıb mini-yubka geyinən qızını öldürmək üçün killer tutmaqda günahkar bilinir” – deyə, məqalədə deyilir.
Exo
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin