Bir müddət bundan əvvəl ANS TV Suriya müharibəsində iştirak edən və döyüşlərdə öldürüldükləri iddia olunan azərbaycanlılar haqda məlumat vermişdi.
Həmin şəxslərin ailəsi övladlarının Suriyada olmasından xəbərsiz olduğunu və bunu yalnız televiziyada yayımlanan görüntülərdən öyrəndiyini bildirmişdi. Övladlarının taleyindən xəbərsiz olan valideynlər çox narahat idilər. “YouTube” internet portalında yenidən Suriya döyüşlərində azərbaycanlıların olduğu iddia edilən yeni video görüntülər yayılıb.
Suriya mücahidlərinə qoşulan Rəşadın atası, Zəkəriyyə Məmmədov bunları deyib:
“Bu mənim oğlumdur, Məmmədov Rəşad Zəkəriyyə oğlu. Hal-hazırda Suriyadadır, Suriyada cihad eləyir. Allah üçün, müsəlmanları müdafiə üçün cihad edir”.
Nə qədər təəccüblü səslənsə də, Suriyada mücahid hərəkatına qoşulan Zaqatalanın Muxax kənd sakinlərinin valideynləri bu fikirdədir.
Azad Suriya ordusunun tərkibində cihad edən silahlı birləşmələrdə oğullarının iştirakını təsdiqləyən valideynlər bildirdilər ki, onlar övladları ilə internet vasitəsi ilə əlaqə saxlayırlar. Silahlı birləşmələrə rəhbərlik etdiyi deyilən rayon sakini Vahid Məmmədovun videosunda onun digər döyüşçülərə nisbətən fərqli geyimdə və üzərində daha çox silah-sursat olması da görünür. Valideynləri onun hərbi xidmətdə xüsusi bölmədə hava hücumundan müdafiə sahəsində qulluq etdiyini bildirdi. Ona məxsus hərbi biletdə də bu barədə rəsmi qeydiyyat aparılıb.
Silahlı birləşmələrə qoşulan Rizvan Süleymanovun anası isə oğlunun qısa müddətə işləmək adı ilə fevralın 14-də Bakı şəhərinə getdiyini deyir. Anası oğlunun işləmək adıyla evdən getdiyini söyləsə də, az sonra aydın oldu ki, o da Rizvanın qanlı döyüşlərdə iştirakından xəbərdardır:
“Onlar müsəlmanlara qarşı vuruşmurlar, müsəlmanları müdafiə edirlər, ermənilərə qarşı, müsəlmanların düşmənlərinə qarşı vuruşurlar. Ayrı heç nə yoxdur orda, müsəlmanların xeyrinə vuruşurlar orda”.
Qardaşı isə Rizvan gedəndən sonra onunla yalnız bir dəfə telefon əlaqəsi olduğunu dedi. Qeyd edək ki , Rizvan Süleymanov hərbi xidmətdə topçu olub.
Daha bir həmvətənimiz Rəşad Məmmədovun atası Zəkəriyyə Məmmədova isə nəinki oğlunun Suriyada silahlı birləşmələrə qoşulduğunu təsdiqlədi, hətta bu barədə əvvəlcədən tam məlumatlı olduğunu və oğluna bu işdə xeyir-dua verdiyini də söylədi. Atası bir neçə gün əvvəl də oğlu ilə internet vasitəsi ilə əlaqə saxladığını və deməsinə görə hər şeyin qaydasında olduğunu bildirib. Ata oğlunun haqq yolunu seçdiyini iddia edir. Digər həmkəndliləri ilə birgə döyüşlərə qatılan Qalibin atası isə oğlunun bu seçimindən narazı olduğunu və onun yoldaşlarının təsiri altına düşərək buna qərar verdiyini dedi.
www.anspress.com
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin