Bu gün incəsənət sahəsi bütün dünya ölkələrində inkişaf edir. Rəssamlıq incəsənətin ən incə qollarından biridir. Düzünü desək, Azərbaycandan fərqli olaraq, Avropa ölkələrində rəssama və onun yaratdığı möcüzəvi əl işlərinə çox qiymət verilir. İnsanlar üçün bu, hətta simvolik hal alıb.
Müasir dövrdə o qədər yaradıcı insan var ki, onları sadəcə kəşf etmək lazımdır. Kəşf edilən yüzlərlə rəssam, heykəltəraş, təəssüf olsun ki, yaradıcılığı pula çevirə bilmir. Səbəb isə ölkədə bu sahəyə və onun mütəxəssislərinə qarşı olan soyuqluq, biganəlikdir.
O dövrün dahi rəssamları belə, zaman-zaman öz yaradıcılıqlarını cəmiyyətdən gizlədiblər. Bu gün söhbətimiz sırf rəssamlardan yox, naturaçılardan olacaq. Çünki belə başa düşdük ki, çoxunun ailəsi onların bu sənətlə məşğul olmasından xəbərsizdir. Niyə xəbərsizdir, buna səbəb nədir, cəmiyyət bu peşə barədə nə qədər məlumatlıdır, bu barədə isə bir azdan danışacağıq.
Mövzu ilə bağlı oxucularımıza daha ətraflı məlumat vermək üçün üz tuturuq Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına.
Oxu.Az Rəssamlıq Akademiyasının Natura şöbəsindən hazırladığı reportajı təqdim edir.
Görəsən, bu gün Azərbaycanda naturaçılıq necə inkişaf edib?
Akademiyanın Tədris işləri üzrə prorektoru, dosent Azad Zeynalov bizi şöbə ilə tanış etdi. O bildirdi ki, Akademiyanın qurulmasında, tələbələrin istedadlarının kəşf edilməsində müəllim kollektivinin böyük əməyi var.

2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin imzaladığı fərman əsasında yaradılan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 102 professor-müəllim heyəti, iki elmlər doktoru, 13 professor, yeddi elmlər namizədi, 13 dosent fəaliyyət göstərir.
Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə peşəkar kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir.
Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında yüzlərlə tələbə təhsil almaqdadır. Eyni zamanda, universitetin tələbələri arasında xarici ölkələrdə təhsillərini davam etdirən istedadlı gənclər var.
A.Zeynalov deyir ki, bəzən rəssamlıq, heykəltəraşlıq ümumiyyətlə, incəsənətin bu qolundan xəbərsiz olan insanlar naturaçılar barəsində qəribə fikir və yanaşmalara sahib olur:
Mentalitetimiz naturaçı olmaq istəyən şəxslərə mane olur...
“Bilirsiniz, bu incəsənətdir. Natura şöbəsi haqqında bir neçə dəfə yazılar hazırlanıb. Amma təəssüf olsun ki, naturaçıları daha çox ittiham edirlər. Mən bununla razılaşmıram. Ümumiyyətlə, incəsənətə sırf əxlaq gözü ilə yanaşmaq doğru deyil. Əslində, incəsənət elə bir sahədir ki, olduqca çətindir. İnsanın öz istedadını inkişaf etdirməsi və gələcəkdə bunun üzərindən pul qazanmaq istəməsi təbiidir.
O, insanın haqqıdır. Amma təəssüf olsun ki, bu gün rəssamlar, heykəltəraşlar əməyinin bəhrəsini görə bilmir. Bizim gənc, istedadlı tələbələrimiz var. Siz özünüz də burada onların əl işlərini görürsünüz. Hər il yüzlərlə tələbə məzun olur və bir o qədər də tələbə qəbul edirik.
Onların heç birini işlə təmin edə bilmirik. Naturaçıların bir qrupu bu işi pul xətrinə edir, digər bir qrupu isə sənət eşqinə. Biz naturaçılara çox hörmət edirik, onların xətrini hər zaman əziz tuturuq. İmkan vermirik ki, bir nəfər belə onların xətrinə dəysin. İncəsənət adamları naturaya sənət, iş kimi yanaşır. Cəmiyyətdə isə, təəssüf ki, neqativ fikirlər hələ də var”.

Naturaçı deyən kimi ağıla ilk gələn, zərif, incə bədən quruluşuna malik gözəl qız və oğlanlar olur. Çılpaq bədən əsasında hazırlanan nəfis klassik yunan heykəlləri buna bariz nümunədir. Akademiyanın şöbələrini gəzərkən ən az klassik yunan heykəlləri qədər gözəl əl işlərinə rast gəldik.Təəssüf ki, çılpaq naturaçılar bu barədə danışmaqdan yayındılar. Biz isə onların seçimlərinə hörmət edərək, üz tuturuq geyimli naturaçı olan otağa.
Naturaçıların iş prosesi ilə yaxından tanış olmaq üçün prosesi izlədik. Rəssamlara poza verən naturaçıların iş prosesini izləmək romantik olsa da, onlar tərəfdən bu, heç də sevimli iş deyil. Naturaçılar rəssam fırçası qarşısında incəsənət üçün soyunsalar da, əslində, onları bu sahəyə gətirən tək səbəb maddi ehtiyaclardır.

Xanım rəssamların gözü qabağında saatlarla tərpənmədən eyni formada dayanır. Kənardan baxanda asan gəlsə də, saatlarla tərpənmədən dayanmaq insanı kifayət qədər yorur. Bu ağır şərtlərə razı olan adamların əksəriyyəti isə buraya pul qazanmaq üçün üz tutur. Təbii ki, hər müraciət edən də naturaçı ola bilmir:

“Naturaçının gözəl, estetik bədən quruluşu olması əsas şərt deyil”
“Bizə bununla bağlı müraciət edən çox olur. Lakin hər müraciət edəni də biz qəbul etmirik. Bəzən elə insanlar gəlir ki, baxan kimi bilinir ki, onun məqsədi incəsənət deyil. Onların Akademiyada yeri yoxdur. Müraciətlər arasında yaşlı və gənc nəslin nümayəndələri olur.
Onlara baxılır və hər müəllim tədris metoduna uyğun bir obraz seçir. Sözün düzü, daha çox gənc, gözəl qız və oğlanlara üstünlük verilir. Füsunkar bədən quruluşu, dərinin rəngi, incə detallar bu prosesdə çox önəmlidir. Elə də olur ki, yaşlı insanlar da seçilir.

Onların üzlərində, bədənlərində yaranan qırışların təsviri xüsusi diqqət tələb edir. Həm də yaşlı insanlar uzun müddət eyni pozada dayana bilməyib yorulduqları üçün daha çox gənclərə üstünlük verilir. Çünki bu iş prosesidir. Natura şöbəsi yekunda tapşırıqları təhvil verməlidir.
Bir naturanın çəkilməsi isə bir neçə aya başa gələ bilər. Bir akademik saat 45 dəqiqədir. Bir gün, təxminən 10 dəqiqədən bir fasilə verməklə 5-6 saat naturalar işləyir. Onlarla müqavilə imzalanır. Təəssüf ki, bəzən onlar müqavilənin şərtlərini pozur və bir neçə gündən sonra gəlmirlər. Bu da bizim işimizi geri salır.

Elə naturaçılarımız var ki, 20 ildir bizimlə çalışır. Biz onların kimliklərini gizli saxlayırıq. Bu peşəyə o qədər həssas yanaşılmalıdır ki, onlar bizdən küsüb inciməsin. Mən özüm də əvvəllər naturaçılarla işləmişəm. Tələbələrdən də, müəllimlərimizdən də etik normalara ciddi şəkildə əməl etmələrini tapşırmışıq.

Biz otağa daxil olmazdan qabaq, qapını döyüb icazə alırıq, baxmayaraq ki, biz özümüz də dərs prosesini aparırıq. Naturaçı icazə verməsə, otağa nəinki prorektor, heç rektor da daxil olmur. Bunu onların özləri də təsdiqləyir”.
“Naturaçılar çılpaq formada hər saatına 5,50, geyimli isə 3,50 AZN pul alır”.

Naturaçılıq bu baxımdan çox çətin peşələrdən biridir. Çılpaq naturaçılarla görüşə bilməsək də, divarda asılan bir rəsm diqqətimizi çəkdi. Bir an baş rollarını Leonardo Di Caprio və Keyt Uinsletin canlandırdığı məşhur “Titanik” filmi yada düşür. Roza obrazının öz məşuqu, rəssam olan Cekin qarşısında çılpaq uzanması ağla gəlir.

Bu, özü də naturaçılıq sahəsinin kifayət qədər geniş yayıldığından xəbər verən amillərdən biridir.

Naturaçıların çılpaq dayanmasının birmənalı qarşılanmaması bir sıra problemlərə də yol açır.
“Bir müddət əvvəl, təəssüf ki, naturaçılarımızdan biri ilə bağlı xoşagəlməz hal yaşanmışdı. Onların əksəriyyəti cəmiyyətin bu sahəyə olan fikrindən dolayı, naturaçı olduğunun gizli qalmasını istəyir. Bir dəfə bir xanımın yaxınları bu barədə eşitmişdi və ciddi narazılıq olmuşdu. Ona görə də biz istəmirik ki, bu kimi hallar təkrarlansın.

Geyimli dayanan naturaçılarımız kifayət qədər çoxdur. Xüsusən heykəltəraşlar üçün bizim daha çox çılpaq naturaçılara ehtiyacımız var. Təəssüf ki, çılpaq dayanmaq istəyənlərin sayı o qədər azdır ki, tapmaqda çətinlik çəkirik”, - deyə A.Zeynalov əlavə edib.

Akademiyaya naturaçı kimi müraciət edənlər arasında həkim, müəllim, aktrisa, model, tələbələr, ümumiyyətlə, təhsilli və ya təhsilsiz, sıradan vətəndaşlar belə olur.
“Bizim gördüyümüz işə dırnaqarası baxıb, min cür söz deyirlər”
Naturaçı xanımlardan biri deyir ki, bu iş üçün ayrılan pul çox azdır:

“Burada kollektiv o qədər mehriban və mədənidir ki, heç bir narahatlıq yaşamamışam. Özüm ali təhsilliyəm. Mən geyimli şəkildə dayanıram. Amma çılpaq naturaçılar da var. Biz burada nə müəllim, nə də tələbələrin hər hansı əxlaqsız davranışlarına şahid olmuşuq. Çoxları işsizlikdən burada naturaçı kimi dayanır. Amma bu iş üçün ayrılan pul çox azdır. Saatlarla eyni vəziyyətdə dayanmaq olmur.

Belimiz ağrıyır, ayaqlarımız yorulur. Elə naturaçılar olub ki, rəssamların işini, əziyyətini yarıda qoyub gediblər. Kənardan baxanda rəssamın əl işinə də qiymət verilmir. Amma siz izləyib görürsünüz ki, bu proses necə çətinliklə aparılır. Rəssamlar naturaçının gözəlliyinə və seksuallığına fikir vermir, onlar üçün insan bədəni canlı sənət əsəridir”.

Naturaçılar barədə o qədər suallarımız var ki, bir-bir cavab tapmağa zamanımız azdır. Onu da deyim ki, çılpaq poza verməyə razılıq verən naturaçılar istəkdən asılı olaraq, büstqalter taxa da, taxmaya da bilər. Səbəb tələbələrin sinə əzələlərini, həcmini daha dəqiq və düzgün formada təsvir etməsinə mane olmasıdır.
Adını açıqlamaq istəməyən naturaçı xanım və bəylər sözgəlişi bildirdilər ki, onların bu peşə ilə məşğul olduğunu ailələri bilmir:
“Ailəm sənətimdən xəbərsizdir. Atam bilsə, məni öldürər. Ətrafım bu peşəyə ciddi yanaşmır. Azərbaycanda mentalitet bu sənətin inkişafına mane olur”.
“Təəssüf ki, bizim tələbələrimizin çoxu işsiz qalır”

A.Zeynalov tələbələrin işsiz qalmasından, öz yaradıcılıqları ilə həyat şərtlərini ödəyə bilməməsindən narazıdır:

“Bu gün rəssamların, heykəltəraşların emalatxanası yoxdur. Bizim vaxtımızda emalatxanalarla təmin olunurduq, bəzilərimiz bu emalatxanaları alırdıq. Təəssüf ki, gənclərimiz üçün belə bir şərait yoxdur.
Çox şad olardım ki, istedadlı gənc rəssamlarımıza emalatxanalar verilərdi. Mən işlədiyim kafedrada gənc müəllimlər var ki, kirayə emalatxanalarda çalışır. Bu isə onların yaradıcılıqla məşğul olmalarına ciddi maneə yaradır.

Bu gün Akademiyamızda 330 tələbə plan yeri nəzərdə tutulub. Yalnız rəssamlıq yox, sənətşünaslıq ixtisası da var ki, artıq üç ildir qəbul mövcuddur. İl ərzində 25 nəfər rəngkarlıq, 15 nəfər qrafika, 10 nəfər heykəltəraşlığa qəbul var. Burada qabiliyyət imtahanlarında tələblər yüksəkdir. İmtahanda çılpaq naturadan əsər çəkməlidirlər. Bu qədər əziyyətin sonunda isə işsiz qalmaları Akademiyada yalnız məni deyil, bütün müəllimlərimizi narahat edir”.

Könül Cəfərli
FOTO: Ramil Zeynalov