Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Sabiq nazir: “Paraşütlə tullananda yerə çırpıldım, hərəkət qabiliyyətimi itirdim” - MÜSAHİBƏ + FOTO
“Antarktidada bir mövsümlük elmi-tədqiqat bazası yaratmağı düşünürük. Bunu Qərbi Kaspi Universitetinin imkanları ilə həyata keçirmək istəyirik. Tarix boyu bu cür elmi ekspedisiyalar, tədqiqat bazalarının yaradılması universitetlər tərəfindən həyata keçirilib. Elmi-tədqiqat bazasının yaradılması üçün bir neçə variant var. Təbii ki, bu günə qədər kimsə bunu edə bilərdi, lakin hələ ki, edilməyib. Ümid edirəm ki, biz bunu edə biləcəyik”.
Oxu.Az keçmiş ekologiya və təbii sərvətlər naziri, Qərbi Kaspi Universitetinin rektoru, ilk dəfə Azərbaycan-Antarktida ekspedisiyasını həyata keçirən Hüseynqulu Bağırov ilə müsahibəni təqdim edir:
- Rəsmilər qeyri-rəsmi formatı kimi olsa da, necəsiniz, vəzifədən uzaqlaşdıqdan sonra hansı sahədə fəaliyyət göstərirsiniz?
- Mən təhsil işçisi olmuşam. Şablon səslənsə də Vətənə, ölkəyə bağlı insanam. O vaxt ölkə rəhbərliyi lazım bilib, məqsədəuyğun hesab edib və mənə lazım bildiyi sahədə iş tapşırıb. Düşünürəm ki, dövlət işində çalışdığım illərdə ölkə rəhbərliyinin mənə tapşırdığı işləri layiqincə yerinə yetirməyə çalışmışam, nə dərəcədə alındığına tapşırıq verən ölkə rəhbəri və buna şahidlik edən insanlar qiymət verə bilər. Mənə tapşırılan funksiyanı yerinə yetirib dövlətə borcumu verdikdən sonra yenidən həyatımı öz sevdiyim sahədə – müəllimlikdə davam edirəm.
- Nazir olduğunuz dövrlərdə də pedaqoji fəaliyyətinizi davam etdirirdiniz?
- O vaxt iş həcmi o qədər böyük idi ki, mən pedaqoji fəaliyyətlə çox məhdud çərçivədə məşğul ola bilirdim. Universitetin idarə edilməsi, inkişafı ilə bağlı işlərdən tamam kənar idim. Oradakı vəziyyəti izləyə belə bilmirdim. Bu gün isə mən özümü səhhətim imkan verdiyi qədər pedaqoji fəaliyyətə həsr edə bilirəm.
- 2001-ci ildə nazir təyin olunmuşdunuz və kifayət qədər yaddaqalan fəaliyyət dövrünüz olub. 2001-ci ildən bu günə qədər maraqlıdır, nələr dəyişib?
- Çox şey dəyişib. Həyat davam edir, fəaliyyət sahələri dayanmadan inkişaf edir. Əlbəttə, ölkənin bir sıra fəaliyyət sahəsindən cavabdeh şəxs olmaq çətin və məsuliyyətlidir. Yeni yaradılan nazirliyin təşkil edilməsi mənə tapşırılmışdı. Bu işləri görərkən, nazirliyi qurarkən ixtisaslı kadrlar arasında ən uyğun peşəkarlardan faydalanmağa çalışmışam. Düzdür, 10 min işçisi olan bir təşkilatda hamını yaxşı tanımaq, əslində necə bir insan olduğunu anlamaq mümkün deyil. Mən vicdanla mənə etimad göstərilən sahədə işimi layiqincə görməyə çalışmışam.
- Vəzifənin müsbət tərəfləri, yoxsa əlavə məsuliyyət və yorğunluq çoxdur?
- Nazir olmaq peşə deyil. Müəllim, həkim, mühəndis və digər sahələrdə çalışmaq, işini görmək peşə fəaliyyətidir. Bu isə hərbi xidmət kimi Vətənə qulluq etmək deməkdir. Mən də Vətənə mülki dövlət qulluqçusu kimi üzərimə düşən borcu, xidməti vermişəm. Təbii ki, müsbət tərəfi sənin atdığın hər bir doğru addımın dövlət başçısı tərəfindən bəyənilməsidir. Məsuliyyət - bəli, çox idi.
- Sizin 68 yaşınız tamam olub, gec də olsa təbrik edirik. Sizin çox yaxşı səyyah və alpinist olduğunuz barədə çox yazılıb. Hələ də bu hobbiləriniz davam edir?
- Əslində, mental baxımdan yanaşsaq, bəli, davam edir. Lakin səhhətimdə ciddi problemlər yaşadım, bir neçə əməliyyat keçirdim. Bu səbəbdən də müəyyən fəsadlar yarandı. Və nəticədə praktiki olaraq ekspedisiyaların təşkilində fasilə vermək məcburiyyətində qaldım.
- Səhhətinizdəki problem nə ilə bağlıdır, sirr deyilsə, bilmək olar?
- O vaxt biz ekstremal idman növləri ilə bağlı Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası yaratmışdıq. Özüm də paraşütdən tullanırdım. Bir dəfə uçuş zamanı paraşütün əyləci düzgün verilməmişdi, o dolaşmışdı. Təəssüf ki, mən havada olarkən bunun fərqinə vardım. Paraşütün əyləci ayrı-ayrılıqda sağa və sola dönmə üçün istifadə edilir. Lakin ikisi bir yerdə sürətin azaldılmasına xidmət edir. Onlar doğru tənzimlənmədiyi halda sən 30-40 km/saat sürətlə yerə çırpılırsan. Mən havada çox qala bilməzdim, çıxış yolu axtardım, bir yamaca eniş etməyi sınadım. Lakin təəssüf ki, yerə çırpıldım və onurğa sütununda iki fəqərəm sındı. Bütünlükdə hərəkət qabiliyyətimi itirdim.
Almaniyada bunun əməliyyatının mümkün olduğunu öyrəndim və məni ora apardılar, xüsusi sement maddədən qırılan iki fəqərələri bərpa etdilər. Yerimə qabiliyyətim bərpa olundu. Lakin görünür ki, sement canlı maddə olmadığı üçün zaman keçdikcə süni fəqərələr yeyilməyə başladı. İllər sonra həkim müayinəsi zamanı iki fəqərənin yeyildiyi məlum oldu. Bu bel sütunun qabarmasına səbəb oldu. İki ağır cərrahi əməliyyatlar keçirdim. Nəhayət 30 santimetr ölçüsündə titan implant qoyuldu. Hazırda hərəkət edə, gəzə bilirəm. Lakin implant yad cisim olduğundan orqanizmlə tam adaptasiya olmayıb. Bu, çox yeni texnologiyadır və nə həkim, nə də mən bilmirik ki, iki-üç il sonra nə baş verəcək.
- 2008-ci ildə sizin başçılığınız ilə ilk dəfə Azərbaycan-Antarktida ekspedisiyası Bakıdan yola düşüb. Neçə nəfərlik heyət olub, ekspedisiya zamanı nələr baş vermişdi?
- Biz Çiliyə məxsus olan və istifadə edilməyən “Patriot Hills” stansiyasına Cənubi Amerikadan, Çilinin Punta Arenas şəhərindən xüsusi təyyarə ilə uçmağa icazə ala bildik. Ora ekspedisiya üçün icazə almaq asan olmayıb, təxminən altı aya qədər müvafiq sənədlər hazırlanıb. Orada xüsusi yaşamaq, davranış, hətta məişət tullantılarından istifadə qaydaları var. Bunların hər birinə riayət etməlisən. Orada olduğun müddətdə tullantıları da xizəklərlə xüsusi qablaşdırılmış formada özünlə daşımalısan və sonda baza stansiyasında təhvil verməlisən. Tullantıların utilizasiya prosesi xüsusi qaydalarla məhz baza stansiyalarında aparılır.
Biz həm də Çilidən olan tədqiqatçılarla əlaqə qurmağa müvəffəq olduq. Cənubi Afrikadan da bir ekspedisiya hazırlaşırdı. Dörd nəfər Cənubi Afrika vətəndaşı bizə təklif etdi ki, ekspedisiyanı birlikdə təşkil edək və biz də razılaşdıq. Nəzərə alsaq ki, xüsusi geyimlər alınmalı, təyyarə icarəyə götürülməlidir, maliyyə cəhətdən birgə çalışmaq daha əlverişli idi. “Patriot Hills” (Vətənpərvər təpələri) stansiyası ətrafında doğurdan da təpələr var, Antarktika buzları adətən hamar olmur, orada küləyin formalaşdırdığı iti kəskin buz çıxıntıları çox olur. Lakin Çili stansiyasının ətrafında hamar, mavi buz olduğu üçün, təyyarə ora enə bilir. Biz bunun üçün Çiliyə viza almalı idik, oranın ən cənub şəhəri olan Punto Arenasın hava alanına endik.
Qazaxıstanda qeydiyyata alınan, rus ekipajlı bir yük təyyarəsi Antarktidaya səfər edir. Ora gedən ekspedisiyaların yükləri Punto Arenasdan “Patriot Hills”ə daşınır. 2008-ci il dekabrın axırı getdik, fevralın əvvəlində döndük. “Patriot Hills” stansiyasından Kanada istehsalı olan kiçik təyyarə bizi Antarktidanın ən hündür zirvəsi olan Vilson zirvəsinin (5000 metr) yaxınlığına apardı. İki azərbaycanlı - mən və Tərlan Ramazanov adlı komanda üzvü, həmçinin dörd nəfər Cənubi afrikalı həmin zirvəyə qalxdıqdan sonra oradan Cənub qütbünə yürüşə başladıq. Antarktidada cəmi 42 gün qaldıq. Onun 37 gününü qitədə keçirdik, tədqiqatlar apardıq.
- Ən vacib alınmalı təchizat nələr idi?
- Xüsusi çadırlar, rütubəti buraxmayan və eyni zamanda havalandırma imkanına malik gödəkçələr, nazik yun və ya sintetik materialdan olan alt geyimləri alınmalıdır. Pambıq material qətiyyən olmaz. Çünki pambıq təri özündə saxlayaraq islanır. Suyu canında saxladığı üçün soyuq hava şəraitində buza çevrilir və donma təhlükəsini real edir.
Qidalar önəmli idi, orada bir gün ərzində bir dəfəyə 6 min kalori qəbul etməlisən ki, səhər saat 10:00-dan axşam saat 19:00-a qədər xizək üzərində ümumi çəkisi 60-70 kq-lıq yükü - çadırlar, qida, tədqiqat üçün zəruri avadanlıqlar və tullantıları özünlə bərabər daşımağa gücün olsun. Havadan asılı olaraq elə gün olurdu 8 km, elə gün olurdu 22 km-lik yol qət edə bilirdik.
- Bu ekspedisiya zamanı həyati əhəmiyyətli nə kəşflər etdiniz?
- Çox şey... İnanın. Mən anladım ki, ibtidai insan heç vaxt daim 34-35 dərəcə şaxta olan yerdə uzun müddət yaşamayıb. İnsan 40 dərəcə şaxtanı hiss edir, hətta mənfi 40-la mənfi 44 dərəcənin fərqini də hiss edir. Amma 44 dərəcə şaxtadan sonra fərq hiss etmir.
İbtidai insan, bəlkə də, təsadüfi olaraq bir qış mövsümünü çox soyuq ərazidə yaşayıb, amma insanın daim belə temperatur şəraitində yaşamaq üçün təkamül etmədiyini deyə bilərik.
- Bəs gətirilən nümunələr harada qorunur?
- Peyk rabitəsi vasitəsilə Bakı ilə danışırdıq. Onlara məlumat vermişdik ki, biz buradan geoloji nümunələr toplayırıq. O nümunələr Azərbaycan Geologiya Muzeyində saxlanılır.
- Yenidən Antarktikaya getməyi düşünürsüzmü?
- Bizim yeni planlarımız var. Antarktidada bir mövsümlük elmi-tədqiqat bazası yaratmağı istəyirik. Bunu Qərbi Kaspi Universitetinin imkanları ilə etməyi düşünürük. Tarix boyu bu cür işlər universitetlər tərəfindən həyata keçirib. Elmi-tədqiqat bazasının yaradılması üçün bir neçə variant var. Onlardan biri Paraqvaya məxsus, istifadəsiz, boş saxlanılan bir stansiyadır, oranı icarəyə götürməyi düşünürük. Digər variant Antarktidanın materikə yaxın adalarından birində baza yaratmaqdır. Bu məsələyə tezliklə qayıdacağam, sadəcə səhhətimi bir qədər normallaşdırmağa çalışıram.
- Dediyiniz bu layihəni neçə nəfərlik heyətlə gerçəkləşdirməyi düşünürsünüz?
- Çox ibtidai bir planlama aparmışıq, hələlik tam plan hazır deyil. Biz Qərbi Kaspi Universiteti olaraq düşünürük ki, bunu 3-4 nəfərdən ibarət kiçik bir qrupla gerçəkləşdirə bilərik. Təbii ki, bu günə qədər kimsə bunu edə bilərdi, lakin görünən odur ki, hələ edilməyib. Biz ümid edirik ki, edə biləcəyik. İlkin olaraq meteoroloji müşahidələr aparmaq, iqlim dəyişikliklərinin tendensiyaları, insan orqanizminin sərt qışa, soyuğa necə davam gətirəcəyini və s. kimi tədqiqatlar aparmağı düşünürük.
- Ekspedisiya zamanı gün ərzində fasilə etmək imkanı olur, yoxsa dayanmaq olmaz?
- Fasilə müddəti maksimum 3-4 dəqiqədir. Ondan artıq bir yerdə dayanmaq olmaz. Üç dəqiqədən sonra bədən soyuyur, tər buz bağlayır. Dayandığın müddətdə çərəzlər, bal, xüsusi kalorisi çox olan qidalardan yeyə bilərsən. Geri qalmaq qətiyyən olmaz. Kim olur-olsun heç kim geri qalanları 3-4 dəqiqədən artıq gözləməyəcək. Burada qaydalar belədir. Geri qalan qruplar dumanda görünməz olurlar. Düzdür, onlar xizək izləri ilə gəlib çata bilirlər, amma istənilən halda bu təhlükəlidir.
- Oradakı stansiyalarda süni formada məhsul yetişdirilirmi?
- Bəli, Cənub qütbündə yerləşən ABŞ-yə məxsus “Amidsen-Skott” stansiyasında süni işıq, enerji istehsalı ilə göyərti yetişdirilir. Mən düşünürəm ki, o stansiya hətta Mars planetinə hazırlıq stansiyasıdır. Marsda orta hesabla mənfi 200-250 dərəcə temperatur olur. Bu stansiya sanki bu temperaturların fərqinə hesablanıb, onlar belə mühitin gözlənilməz nəticələrinin yarada biləcək hallarını araşdırırlar.
- Bu səfərlər barədə kitab, yaxud memuar yazmısınızmı?
- Yazılan kitablar var, hansı ki, onlar dərs vəsaitləri kimi istifadə edilir. “Afrikanın geologiyası”, “Afrikanın bioloji müxtəlifliyi”, “Antarktidanın qlobal iqlimə təsiri”, “Antarktidanın geologiyası”, “Cənubi Amerikanın geologiyası” və digər kitablar dərc edilib. Azərbaycan vətəndaşları üçün faydalı ola biləcəyini düşündüyümüz məlumatları, fotofaktları bir araya gətirərək, elmi işçilər cəlb edərək ərsəyə gətirdiyimiz dərs vəsaitləri bu gün də istifadə edilir. Ümumiyyətlə düşünürəm ki, insanların iradəsi, istəyi olarsa, öhdəsindən gələ bilməyəcəkləri heç bir iş ola bilməz. Bu, bütün sahələrdə, peşələrdə belədir. İngilislər, almanlar bu cür istəklər, iradə əsasında vaxtilə dünyanı gəzərək kəşf edirdilər. Biz niyə etməyək?
Hətta bu barədə amerikalı tədqiqatçı “Cənub Antarktida müqaviləsi və onun proseslərinə” adlı kitab yazıb. O kitabda Azərbaycana yarım səhifəlik hissə həsr edib. Orada qeyd edib ki, Azərbaycanın dinamikliyini ölkənin iqtisadi inkişafını nəzərə alsaq, belə düşünürük ki, yaxın gələcəkdə Azərbaycan da burada stansiya yaradacaq. Bu, bizim üzərimizə daha bir məsuliyyət qoyur ki, bunu mütləq yaratmalıyıq.
- Azərbaycan-Antarktida ekspedisiyasından savayı hansı səfərləri olub?
- Antarktida, Afrika, Cənubi Amerikaya ekspedisiya etdik. Növbəti səfərimiz Alyaskaya planlaşdırılırdı. Alyaskanın Denali dağlarına aid massivdə hündürlüyü 6190 metr olan, Şimali Amerikanın ən yüksək dağı sayılan Mak-Kinli dağına çıxmağı düşünürdük. Sadəcə mənim səhhətimdə yaranan problem səbəbindən bu ekspedisiyanı reallaşdıra bilmədik.
Təsəvvür edin ki, orada insanlar yetərincə uzun müddət günəş çıxmayan, qaranlıq bir yerdə yaşayırlar. Çox sərt şərait olsa da, onun geologiyası, bitki müxtəlifliyi çox maraqlıdır. Antarktidada elmi-tədqiqat bazasını yarada bilsək, sonra Alyaska səfərini də gerçəkləşdirməyi düşünmək olar.
Bunlarla bərabər Azərbaycanda da layihə həyata keçiririk. Bununla bağlı deyə bilərəm ki, bu gün Azərbaycanda 1600 metr yüksəklikdən yuxarıda meşə demək olar ki, qalmayıb. Bu da intensiv otarmanın nəticəsidir. Dağlarda o qədər mal-qara saxlanılıb ki, yavaş-yavaş meşə zolağındakı cavan ağaclar yeyilib, yaşlı ağacların da bioloji ömrü sona çatıb, aşıb. Nəticədə cavan ağaclar olmadığı üçün meşəli sahə 1600 metr yüksəklikdən yuxarıda qalmayıb.
Bir neçə ildir icra etdiyimiz layihənin səbəbi 2600, hətta 3000 metr yüksəklikdə belə meşələrin mümkün ola bilməsini sübut etməkdir. Artıq kiçik bir orman yaranıb. Orada 5-6 metr hündürlükdə toz ağacı, həmişəyaşıl ağaclar böyüməyə başlayıb. Bu il də yaz aylarında həmin ərazilərdə ağaclar əkiləcək. Bu, yaxşı eksperimentdir. Azərbaycanda meşənin haqqını özünə versək, dağlıq ərazinin hesabına iqlim üçün, landşaftlar üçün dəyərli ola biləcək mühit yaranacaq.
- Hüseynqulu Bağırov bu yaşa qədər səyahət, ekspedisiyalar çərçivəsində hansı zirvələrə çıxmağa müvəffəq olub?
- Deməzdim ki, elə çox zirvələrə çıxmışam. İndi də imkan olanda səhhətimin vəziyyətindən asılı olaraq ara-sıra dağlarımızı gəzirəm. Hazırda mən Beynəlxalq Dağçılıq Federasiyasının Dağların mühafizəsi komissiyasının üzvüyəm. Əslində, dağlara eqonu qidalandırmaq üçün getmək olmaz. Ora nəsə yaxşı bir iş görməyə, buzlaqları öyrənməyə, landşaftları tədqiq etməyə getmək lazımdır.
Hansı ölkənin ki, dağı çoxdursa, onun su ehtiyatı zəngin olur. Məsələn, Azərbaycanın 100 faiz içməli su ehtiyatlarının 72 faizi xaricdə, qalan 28 faizi ölkə ərazisindəki dağlarda formalaşır. Xaricdən gələn su ehtiyatları da Türkiyə dağlarında formalaşır. Dağa gedən adamlar gərək öz bacarıqlarını təkcə zirvəyə çıxmaq üçün istifadə etməsinlər, dağları tədqiq etsinlər, bioloji müxtəlifliyinin vəziyyətini, dağlarda formalaşan və tədricən itməkdə olan mədəniyyəti, landşaftları öyrənsinlər. Azərbaycanda çoxsaylı buzlaqlar olub. Əgər bacarırsansa, fürsətdən istifadə edib buzlaqların ölçməsini apar, vəziyyətini öyrən. Tarixən dağ kəndlərində təzək qurudub yanacaq kimi istifadə edirdilər. Deməzdim bu, super çıxış yoludur, amma istənilən halda bu, insanların istilik əldə etməsi üçün kəşf etdiyi unikal alternativ vasitədir.
Dağda yaşamaq, dağlarda sağ qalma ənənəsi, mədəniyyəti formalaşıb. Bunu nə qədər dağçı, alpinist, dağa çıxmağa maraqlı olan insanlar bilir? Çox az... Bunları öyrənmək lazımdır. Sizə bir fakt da deyim, 2000-2200 metr yüksəklikdə mən nə zamansa şumlanmış ərazilər görmüşəm. Çox tez yetişən, az vaxt tələb edən yazın sonu - yayın əvvəlinə aid rütubətli mövsümə uyğun, nisbətən ilıq hava şəraitində dənli bitki növləri yetişdiriblər. Bütün bunları öyrənmək üçün mütləq məqsəd olmalıdır. Zirvəyə qalxarkən insan ilk olaraq özünün, daha sonra ümumiyyətlə, canlı olaraq insan növünün fiziki imkanlarının maksimum nə qədər genişlənə biləcəyini ölçmüş olur. Sən nümunə olursan və digər insanlar da bunun mümkün olduğunu düşünür.
- Dağçılıq sahəsində fəaliyyət göstərən təşkilatlarda pərakəndəlik var?
- Bəli, pərakəndəlik var. Yaxşı sistemli yanaşma olmalıdır. Süni şəkildə yox, hər kəsin bölüşdüyü dəyər üzərində qurulmalıdır. Belə olanda hamı biri-birinə etibar edir və qəbul edilmiş qaydalara əməl etməyə çalışır. Bu, gənclər üçün xüsusi bacarıqların formalaşmasına dəstəkdir. Baxın 44 günlük Vətən müharibəsi zamanı o zirvələrə, dağlara komando qüvvələri necə çıxdı? Bu təcrübəni qazanmış gənclər dağ görəndə qorxmurlar. Vəziyyətə hakim ola bilir, harada necə davranacağını bilir.
Daha çox foto burada: PhotoStock.Az
Könül Cəfərli
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
Rəylər