Sabirabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə səbəbilə xəsarət alan dörd nəfər (bir kişi, üç qadın) iyunun 25 də saat 16:00-da Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Xəsarət alan şəxslərdən üç nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Hazırda bir nəfərin (kişi) müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Sabirabadda iki minik avtomobilinin toqquşması ölümlə nəticələnib.
Oxu.Az xəbər verir ki, hadisə Qarağac kəndi ərazisində qeydə alınıb.
Belə ki, Sabirabad sakini, 1975-ci il təvəllüdlü Bəyanət İbadovun idarə etdiyi VAZ-2107 markalı, 77-TB-187 dövlət nömrə nişanlı avtomobillə İmişli sakini, 1998-ci il təvəllüdlü Rəvanə Nəsirlinin idarə etdiyi "Nissan" markalı, 77-CB-690 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində VAZ-2107-nin sürücüsü hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişin, 1987-ci il təvəllüdlü Sabirabad sakini Arif Paşayev, həmçinin "Nissan"ın sürücüsü Rəvanə Nəsirli, onun 2016-cı il təvəllüdlü övladı və 1991-ci il təvəllüdlü Ülviyyə Azadova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.