Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sabunçuda vətəndaşların evləri UÇURULUR: İcra hakimiyyəti nə deyir? - FOTO
Bakı şəhəri Sabunçu rayonunda evləri sökülən sakinlər narazılıq edirlər.
Bu barədə Oxu.Az-a vətəndaşlar şikayət ediblər.
Sakinlər deyirlər ki, verilən kompensasiya onları qane etmir:
“Heç bir sənəd təqdim etmədən söküntüyə başlayıblar. Bəzi vətəndaşlar ərazidə yeni bina inşa ediləcəyini zənn edərək, aylıq 250 manat kirayə haqqı alıb, evlərdən çıxırlar. Amma indi onlara deyilir ki, sökülən binanın yerində yaşayış binası tikilməyəcək”.
Ərazidə yaşayan vətəndaş Telman Tağıyev saytımıza açıqlamasında bildirib ki, rayonun Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, ev 39, 41 və 43 ünvanlarında yerləşən binalar sakinlərə heç bir xəbərdarlıq edilmədən uçurulur:
“Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən heç bir məlumat verilmir. Evlərin kvadratına görə tam hesablanma aparılmır”.
Sözügedən ünvanda vətəndaşların şikayəti ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhərinin digər rayonlarında olduğu kimi, Sabunçu rayonunda da istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan yaşayış binalarından sakinlərin köçürülməsi və binaların sökülərək yerində yeni çoxmənzilli binaların inşa edilməsi istiqamətində işlər aparılır:
“İlk olaraq Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən yaşayış üçün təhlükəli olduğu müəyyən edilərək, binalarda gücləndirmə və əsaslı təmir işlərinin aparılmasının məqsədəmüvafiq olmaması barədə aktlar tərtib edilmiş Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, ev 39, 41 və 43 ünvanlarında yerləşən yaşayış binalarından sakinlərin köçürülməsi və sökülməsi işlərinə başlanılıb.
Bina sakinlərinin qarşılıqlı razılıq əsasında həmin binaların yerində müasir standartlara uyğun olaraq yeni inşa ediləcək çoxmənzilli yaşayış binalarından tam təmirli mənzillərlə təmin edilməsi, mənzildən imtina edən sakinlərə isə müvafiq kompensasiyaların verilməsi nəzərdə tutulub.
Xəstəxanayanı küçəsi, ev 41, mənzil 13a ünvanında yaşayan vətəndaş Telman Tağıyevin şikayətinə əsasən, nəzərinizə çatdırırıq ki, müraciət müəllifinin yaşadığı mənzilin sahəsi həm Bakı Şəhər İcra Hakimiyyətindən təqdim olunmuş sənədlərdə, eləcə də yerində aparılan ölçü işləri zamanı 33,10 kv.m qeyd olunub. Sahəsinə uyğun olaraq ona müvafiq kompensasiya ödənilməsi təklif olunub.
Bundan başqa, sökülməsi nəzərdə tutulan binaların yerində yeni inşa ediləcək binadan yaşadığı mənzilin mövcud sahəsindən 20 faizədək artıq sahəsi olan tam təmirli mənzil də ona təklif olunub. Lakin vətəndaş T.Tağıyev mənzilin faktiki sahəsindən başqa, heç bir mülkiyyət hüququnu təsdiq edən sənədi olmayan, əlavə tikililərin də (54,60 kv.m) hesablanmasını tələb edir”.
“Ona dəfələrlə lazımi izahatlar verilib ki, qeyd olunan işlərin başa çatdırılması üçün dövlət tərəfindən ayrılan maliyyə vəsaitində sənədsiz əlavə tikililər üçün vəsaitin ödənilməsi nəzərdə tutulmayıb”, - deyə qurumdan qeyd edilib.
Daha çox foto burada: Photostock.az
İlhamə Əbülfət
Rəylər