Ötən gün dünyasını dəyişən Zaur Həsənovun vəfatı ilə bağlı qanunsuz aksiyaya çağırış edənlər, qanunla məsuliyyət daşıyırlar. Belə çağırışlar yolverilməzdir. Ona görə də, bu aksiyanın qarşısı alınacaq.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, bunu daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Sadiq Gözəlov deyib.
S.Gözəlov bildirib ki, Zaur Həsənovun dəfni ilə bağlı dövlət tərəfindən bütün tədbirlər görülür:
“Mərhum bu gün saat 14.30-da Bibiheybət qəbristanlığında dəfn olunacaq. Bütün xərcləri rayon icra hakimiyyəti öz üzərinə götürüb. Bir insan kimi Qarabağ qazisinin vəfatı xəbəri bizim hər birimizi kədərləndirir. Onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk və Allah rəhmət eləsin deyirik!
Təəssüf ki, Z.Həsənovun vəfatından istifadə edib, bəzi müxalifət təşkilatları qanunsuz aksiyaların keçirilməsi ilə bağlı bəzi çağırışlar edirlər, amma buna imkan verilməyəcək”.
Qeyd edək ki, Modern.az-ın xəbərinə görə, Qarabağ əlilinin ölümünə etiraz olaraq Bakının Fəvvarələr Meydanına aksiya təyin edilib. Aksiyanın təşkilatçıları müxalifət düşərgəsinin gəncləridir. Bununla bağlı onlar, “Facebook” sosial şəbəkəsində “Hamı meydana” virtual qrupu yaradıblar və aksiya elanını da bu qrup vasitəsilə yayırlar. Aksiyaya 14 min insan dəvət edilib. Artıq, 600-dən çox şəxs aksiyaya qatılacağını bildirib.
Aksiya bu gün saat 16.00-da Fəvvarələr Meydanında olacaq.