Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ipoteka krediti ilə mənzil əldə edən şəxslərə dövlətin ev verməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
“Report”un məlumatına görə, nazir bu barədə Milli Məclisdə çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, imtiyazlı şəxslərə mənzil veriləndə növbəlilik prinsipi əsas götürülür:
“Növbəni yerli icra hakimiyyəti orqanları müəyyən edir. Qanunvericiliyin tələbi ondan ibarətdir ki, imtiyazlı şəxs mənzil uçotuna götürüldükdə onun mülkiyyətində olan mənzil sahəsi nəzərə alınır. Sahə normativdən azdırsa çatışmayan hissə qədər dövlət mənzil sahəsi verə bilər. Bu günə qədər 14 150 mənzil verə bilmişik. I və II Qarabağ müharibəsi şəhidləri, əlilləri nəzərə aldıqda bu rəqəm qat-qat çoxdur. Belə tələbin Mənzil Məcəlləsindən çıxarılması onunla nəticələnə bilər ki, ehtiyacı daha çox olanlar gözləyə-gözləyə digər kontingentə 2-ci və ya 3-cü evlər verilə bilər. Ən az mənzili olmayan insanların təminatı yekunlaşana qədər bu mexanizmlə davam edilə, növbəti mərhələdə digər şəxslərin mənzil təminatına baxıla bilər”.
Rəylər