"Zonalaşdırma aparıldıqdan sonra sahilboyu ərazilərdən təyinatına uyğun istifadə təmin olunacaq. Eyni zamanda, təsdiqləndikdən sonra zonaların ictimaiyyət üçün açıq olması nəzərdə tutulur".
Oxu.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Hüseyn Əliyev bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, bu ərazilərdə əlavə infrastruktura ehtiyac yaranarsa, müvafiq dövlət və şəhərsalma sahəsində fəaliyyət göstərən qurumlarla birgə iş aparılacaq:
"Məqsəd həmin ərazilərdə infrastrukturun düzgün formalaşdırılması, ictimaiyyət üçün rahat, təmiz və keyfiyyətli mühitin yaradılmasıdır. Göstərilən xidmətlərin də müvafiq keyfiyyət standartlarına cavab verməsi təmin olunmalıdır".