2026-cı il 22-27 sentyabr tarixində Çinin Şanxay şəhərində "WorldSkills Şanxay 2026" kibertəhlükəsizlik yarışı keçiriləcək. Hazırda yarışın milli komanda seçmələri davam edir.
Oxu.Az-a müsahibəsində yarışın önəmindən bəhs edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyahyayev qeyd edib ki, seçim mərhələsində kibertəhlükəsizlik sahəsində nailiyyətlər, sertifikatlar əldə etmiş Capture The Flag (CTF) formatında müəyyən qədər təcrübəsi olan şəxslərə üstünlük verilir.
O bildirib ki, İnnovasiya və Rəqəmsal İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ölkədə kibertəhlükəsizlik ekosisteminin, kibertəhlükəsizlik dayanıqlığının inkişafı və davam etdirilməsi üçün bir çox fəaliyyəti icra edir:
"Bu sahədə ölkə başçısı, Prezident İlham Əliyev 2023-27-ci illərin əhatə edən İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə dövlət strategiyasını təsdiq edib. Biz hazırda strategiyadan irəli gələn bir çox alt bəndləri - fəaliyyətləri icra edirik. Bura ölkədəki kadr potensialının artırılması, insan resurslarının yetişdirilməsi, beynəlxalq platformalardakı bu müsabiqələrə insan resurslarının, komandalarının hazırlanmasından ibarətdir.
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və Peşə Təhsili Üzrə Dövlət Agentliyinin əməkdaşlığı çərçivəsində "WorldSkills Azerbaijan Organization" birgə fəaliyyəti ilə bu müsabiqəyə, beynəlxalq platformaya çıxış üçün ölkədəki daxili komandaların hazırlaşdırılması prosesinə başlamışıq.
"WorldSkills Şanxay 2026" kibertəhlükəsizlik yarışında iştirak etmək imkanı əldə edən şəxslər qlobal arenada, beynəlxalq platformada kibertəhlükəsizlik sahəsində öz bilik və bacarıqlarını nümayiş etdirəcək. Bu həm də gənclərin növbəti illərdə kibertəhlükəsizlik istiqamətindəki fəaliyyətini davam etdirmələri üçün motivasiya xarakteri daşıyır.
Əvvəlki müsabiqə 2024 cü ilin sentyabr ayında Fransanın Lion şəhərində keçirilib. Növbəti müsabiqə 2026-cı ilin sentyabrında Çinin Şanxay şəhərində keçiriləcək".
- Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin müsabiqənin keçirilməsində fəaliyyəti nədən ibarətdir?
- Biz Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi olaraq müsabiqəyə hazırlığa dəstək oluruq.
Müsabiqəyə iştirakçıların seçilməsi bir neçə mərhələdən ibarətdir. Artıq noyabr ayında bir neçə mərhələ yekunlaşacaq.
İlk mərhələdə qeydiyyat forumunu üçün hər bir kibertəhlükəsizlik mütəxəssisi özü barəsində lazımi məlumatları doldurur. Seçimlər üçün "WorldSkills Organization" tərəfindən müəyyən edilmiş bir sıra tələblər var. Hansı ki, yarış günlərinə qədər 25 yaşı tamam olmayan, "intermediate" səviyyəsində texniki ingilis dili biliklərinə malik, kibertəhlükəsizlik sahəsində təhsil alan və ya bu sahədə fəaliyyət göstərən, Azərbaycan vətəndaşı olan gənc mütəxəssislər müraciət edə bilərlər.

- Qeydiyyat mərhələsindən sonra yarışa göndəriləcək iştirakçılar necə müəyyən ediləcək?
- Qeydiyyat üçün ilkin müraciət forumundan seçilmiş 80 nəfər CTF formatlı müsabiqəyə cəlb olunacaq. Onlar arasından 40 nəfər seçiləcək. CTF formatı kibertəhlükəsizlik tapşırıqlarının laboratoriya şəraitində icra edilməsi, kibertəhlükəsizlik sahəsində boşluqların müəyyən edilməsi və müsabiqə çərçivəsində tapşırıqların əldə olunmasından ibarətdir. Növbəti mərhələdə 40 nəfər üçün nisbətən ağır tapşırıqlarla müsabiqə təşkil edilir və həmin müsabiqədən də 20 nəfər seçilir. 20 nəfər üçün daha sonra yenidən daha ağır tapşırıqlarla müsabiqə təşkil edilir və 10 nəfər seçilir. Bütün bu müsabiqələrin hər biri CTF formatında keçirilir.
Komandaların müəyyən edilməsi üçün qarşıdakı 6-7 ay ərzində intensiv hazırlıq işləri görüləcək. Geriyə qalan, seçilmiş iki nəfər Çinin Şanxay şəhərində Azərbaycanı təmsil edəcək.
Seçim mərhələsində CTF formatında qalib olma potensialı olan xüsusi xidmət orqanlarında, maliyyə, telekommunikasiya sahəsində çalışanların fəal olduğu müşahidə edilir.

- Yarışa iki nəfər göndərilirsə, son mərhələdə 10 nəfərin seçilmə səbəbi nədir?
- Ola bilər ki, yarış keçirilməsinə az qalmış kiminsə şəxsi işi, problemi çıxa və ya səhhətində problem yarana bilər. Belə olan halda geriyə qalan və intensiv hazırlıq işlərinə cəlb olunan 10 nəfər arasında yarışa göndərmək üçün yenidən seçim edilir.
Əvvəlki müsabiqələrdə biz müşahidə etmişik ki, iki nəfər yalnız ən yaxşı texniki biliyi olan şəxslərin yarışda iştirakı o qədər də uğurlu olmur. Çünki burada yalnız texniki biliyin nümayiş etdirilməsi deyil, bir komanda şəkildə fəaliyyət göstərmək önəmli rol oynayır. Ona görə də final mərhələsinə seçdiyimiz 10 nəfər şəxs bir-biri ilə bütünləşməyə komanda ruhunu əks etdirməyə çalışır və sonda iki nəfər seçilir, ölkəni təmsil edir.
- Milli komandalarına seçmələrinə hazırda neçə nəfər qeydiyyatdan keçib və maraq gözləntilərinizi qarşılayırmı?
- Müsabiqə şərtlərinin ağır olmasına baxmayaraq hazırda 170 nəfər qeydiyyatdan keçib. Seçim mərhələsinin bitməsinə sayılı günlər qalıb. Biz bu sayın 200-ə çatacağını gözləyirik. Nəyinki müsabiqə eyni zamanda fəaliyyətimiz dövründə biz gənclərin bu sahəyə maraqlı olduqlarını görürük. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi üç illik fəaliyyəti dövründə hər altı aylıq tədris dalğasında 60 nəfəri seçərək 6 aylıq tədris prosesinə cəlb edir. Biz 60 nəfər seçən zaman tədrisə qatılmaq istəyən 2000-2500 gənc müraciət edir.
- Azərbaycandan yalnız 1 komanda yarışda iştirak edəcək?
- "WorldSkills Organization" tərəfindən keçirilən bu yarış peşə bilik, bacarıqları istiqamətində təşkil edilir.
Peşə bilikləri özündə bir neçə alt sahəni ehtiva edir. Həm sənayə, həm məişət, həm təhsil sahəsində müxtəlif alt peşə sahələrini əhatə edir. Son illərdə kibertəhlükəsizlik əhəmiyyətli peşəyə çevrildiyi üçün onun iştirakı da qaçınılmazdır. Biz bunu son 4-5 ildə görürük.
Daha əvvəlki müsabiqələrdə müxtəlif növ peşə sahələrini əhatə edən 70-80 ölkədən 300-400 fərqli komanda iştirak edib. Statistik rəqəm çıxarılsa, yarışa 20-24 ölkə öz kibertəhlükəsizlik komandasını göndərir. Çin, Koreya, ABŞ kimi böyük dövlətlər 10-12 komanda ilə yarışda iştirak edib. Hazırda Azərbaycandan gedən komanda sayı 1 dir.

- "WorldSkills Şanxay 2026" kibertəhlükəsizlik yarışı Azərbaycana nə verəcək?
- Son illərdə ölkədə kibertəhlükəsizliyin artan dinamikası gözlə görünəndir. 2023-27-ci illərin əhatə edən İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə dövlət strategiyasına görə ölkədə bir sıra alt fəaliyyət ön sıralardadır. Bunlara misal olaraq kadr potensialının, insan resursunun inkişafı, artırılması, texnologiyalardan düzgün istifadə üçün dünya təcrübəsinin öyrənilməsi, eyni zamanda Azərbaycanda kibertəhlükəsizlik sahəsində texnoloji həllərin yaradılması ön sıralardadır. Bu onu göstərir ki, ölkədə artıq kiber mühit yaranıb. Kiber mühit üçün "əsgər" lazımdır.
Son illərdə gənclərin bu sahəyə marağı artıb. Gənclər müsabiqə vasitəsilə kiber savadlarını qlobal arenada nümayiş etdirirlər, bununla yanaşı yarış onların növbəti karyera inkişafına motivasiyadır. Çünki onlar dünya səviyyəsində hansı kiber təhlükələrin olduğunu həmçinin kiber təhlükələrə qarşı hansı dayanıqlıqlar göstərilir onu görürlər, tanış olurlar.
- Hazırda ölkəmizdə kibertəhlükəsizlik sahəsində hansı boşluqlar var? Bu tip beynəlxalq yarışlar həmin boşluqların aradan qaldırılmasına hansı töhfələri verir?
- Nəinki Azərbaycanda, bütün dünyada kibertəhlükəsizlik sahəsində müəyyən boşluqlar var. Bu Azərbaycan üçün də keçərlidir. Buradakı boşluqlar həm korporativ, yəni təşkilatlar, həm də əhali üçün müəyyən çətinliklər yaradır.
Kiber maarifləndirməyə malik olan vətəndaşlar nisbətən fərdi hücumlardan qoruna bilirlər. Amma təşkilatlarda infrastruktur var. İT sahəsində, infrastrukturun qorunmasında boşluqların tapılması, boşluqlara qarşı müdafiə mexanizminin qurulması əsas rol oynayır.
Yarışmada verilən tapşırıqlar sistemlərdə olan boşluqları tapmağın yolunu göstərir və ona qarşı müdafiə mexanizminin qurulmasında köməkçi rol oynayır. Buradakı simulyasiyalardan çıxan namizədlər, müsabiqə iştirakçıları gələcək karyeralarında əldə etdikləri biliklərdən istifadə edə biləcəklər.

- Yarış iştirakçıları üçün əməkdaşlıq imkanları yaradılırmı?
- Bəli, biz yarışda iştirak edən gənclərlə əməkdaşlıq edirik. Məsələn 25 yaşı keçən bəzi gənclər var ki, onlar proqrama qoşula bilmirlər biz onların iştirakını təlimlərdə təşkil edirik. Onlara şərait yaradılır ki, öz bilik bacarıqlarını yeni iştirakçılar ilə bölüşsünlər. Həmçinin 2026-cı ildə keçiriləcək yarış iştirakçıların da gələcəkdə öz bilik və bacarıqlarını gənclərlə bölüşməsinə şərait yaradılır.
Qeydiyyat üçün link: https://bit.ly/WorldSkills-Azerbaijan-Competition
Aygün Mirakif