Salyanda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət şəxslərin vəziyyəti məlum olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib:
"Ələt-Astara magistral avtomobil yolunun Salyan rayon ərazisindən keçən hissəsində qeydə alınan yol-nəqliyyat hadisəsi səbəbi ilə aprelin 12-də saat 8 radələrində 3 nəfər (2 kişi, 1 qadın) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif növ bədən xəsarətləri alan yaralılara zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən 1 nəfərin (qadın) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 09:20-də ölüm faktı qeydə alınıb.
2 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir".
Salyanda avtomobil aşıb, qadın sərnişin ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"Opel" markalı avtomobil idarəetməni itirərək yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan qadın sərnişin ağır xəsarət alıb və xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.