Salyan rayonunda "Stansiya" kimi tanınan yaşayış massivində (dəmiryol stansiyasının ərazisi) yolun yararsız vəziyyətdə qalması sakinlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, ərazidəki mövcud vəziyyətlə bağlı videogörüntü paylaşılıb.
Qeyd olunub ki, bu ərazi Salyan şəhərinin 20 Yanvar küçəsi və dəmiryol vağzalına gedən hissəni əhatə edir.
Qəsəbədə yolların bərbad vəziyyətdə olması sakinlərin hərəkətini çətinləşdirib. Yağışdan sonra palçıqla örtülən küçələrdə piyadaların və nəqliyyat vasitələrinin hərəkəti mümkünsüz olub.
Bildirilib ki, yolun dar olması vəziyyəti daha da çətinləşdirir.
"Yağış yağanda təcili yardım da çağırmaq olmur, çünki küçəyə girə bilmirlər", - deyə sakin bildirib.
Bəzi sakinlərin sözlərinə görə, ərazidə evlərin hasarlarının yolun kənarına qədər çəkilməsi hərəkət sahəsini məhdudlaşdırıb. Onlar hesab edirlər ki, hasarlar yoldan bir qədər aralı çəkilsəydi və yolun kənarında kiçik suötürücü kanal yaradılsaydı, yağış sularının yolda toplanmasının, nəticədə palçıq yaranmasının qarşısını almaq mümkün olardı.
"Yağıntılı havalarda yolun keçilməz olmasına baxmayaraq, aidiyyəti qurumlar heç bir tədbir görmürlər", - deyə şikayətdə vurğulanıb.