Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının ümumi sayı artmaqda davam etsə də, debet və kredit kartlarının dinamikasında fərqli tendensiya müşahidə olunur. 2026-cı ilin sentyabr ayının sonunda debet kartlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artdığı halda, kredit kartlarının sayı 3.9 faiz azalıb.
Oxu.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, sentyabrın sonunda banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının ümumi sayı 23 milyon 388 min ədəd təşkil edib.
Bu göstərici avqust ayının sonu ilə müqayisədə 414 min ədəd artıb. Beləliklə, bir ay ərzində ödəniş kartlarının sayında təxminən 1.8 faizlik artım qeydə alınıb.
Ötən ilin sentyabr ayının sonu ilə müqayisədə isə ölkədə dövriyyədə olan ödəniş kartlarının ümumi sayı 9.5 faiz yüksəlib.
Kartlarla aparılan nağdsız ödənişlərin həcmində də artım müşahidə olunub. 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədaxili nağdsız kart əməliyyatlarının həcmi ötən ilin eyni dövrünə nisbətən 11.7 faiz artıb.
Təkcə sentyabr ayında ödəniş kartları vasitəsilə ölkə daxilində 8 milyard 977 milyon manatlıq nağdsız ödəniş həyata keçirilib.
Bu məbləğin 7 milyard 755 milyon manatı elektron ticarətin payına düşüb. POS-terminallar vasitəsilə 1 milyard 220 milyon manat, özünəxidmət terminalları və bankomatlar vasitəsilə isə 2 milyon manatlıq nağdsız ödəniş aparılıb.
Beləliklə, sentyabr ayında ölkədaxili nağdsız kart ödənişlərinin təxminən 86.4 faizi elektron ticarət vasitəsilə həyata keçirilib.
Ümumilikdə, 2026-cı ilin ilk doqquz ayında ödəniş kartları ilə aparılan ölkədaxili əməliyyatların məbləğində nağdsız əməliyyatların xüsusi çəkisi 69.7 faiz təşkil edib.
Abbas Mirzəyev