SFCG maliyyə korporasiyasının əsasını qoymuş yaponiyalı milyarder Kensin Osimanın oğlu Esihito Osima müəmmalı şəraitdə qətlə yetirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Tokyo Reporter" nəşri məlumat yayıb.
Esihito Osima Laosda fəaliyyət göstərən LALCO lizinq şirkətinin rəhbəri olub. Laoslu fəal Cozef Akaravonqun sözlərinə görə, oktyabrın 14-də saat 21 radələrində iş adamı Vyentyanda yerləşən yaşayış kompleksinin dayanacağında güllələnib. Fəal iddia olunan hücum anını əks etdirən təhlükəsizlik kamerasının görüntülərini paylaşıb.
Qeyd edək ki, Osimanın vəfatı barədə hələ oktyabrın 19-da LALCO-nun sosial şəbəkə səhifəsində məlumat verilsə də, o zaman hadisənin səbəbi açıqlanmamışdı. Sonradan isə həmin paylaşım silinib.
Laosun hüquq-mühafizə orqanları və yerli kütləvi informasiya vasitələri hadisə ilə bağlı hələlik heç bir rəsmi açıqlama verməyiblər. Məqalədə qətlin ehtimal olunan səbəbləri barədə məlumat qeyd edilməyib.