Abşeron rayonunun Saray qəsəbəsində su xəttinin sıradan çıxması ərazidə ciddi problem yaradıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlardan görünür ki, borunun partlaması nəticəsində küçəni su basıb, keçilməz palçıqlı ərazi yaranıb.
Bu səbəbdən piyadaların və nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.
Oxu.Az -ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə yaranmış vəziyyət magistral su xəttində baş verən qəza ilə bağlıdır.
"Hazırda xəttin qəzalı hissəsinin dəyişdirilməsi istiqamətində təmir işləri görülür", - deyə məlumatda bildirilir.