Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şəhid anası oğlunun son telefon zəngindən DANIŞDI
Baku TV-də Vətən müharibəsi şəhidi Şahin Ağayev haqqında reportaj efirə gedib.
Ş.Ağayev 44 günlük haqq savaşımızda döyüşlərə Azərbaycan Ordusunun kəşfiyyatçı-sanitarı kimi qatılıb. Oktyabrın 25-də yaralı əsgər yoldaşının həyatını xilas edərkən şəhidlik zirvəsinə ucalıb.
Şahin Ağayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhidin anası Qətibə Ağayeva oğlu ilə bağlı xatirələrini bölüşərkən bildirib ki, Şahin çox gözəl uşaq olub, körpəlikdən heç vaxt onu incitməyib:
"Şahin haqqında danışanda hər kəs deyir ki, bu uşaq sanki bir mələk idi. Onun arzusu pilot olmaq idi. Bu xəyalı Şahini Milli Aviasiya Akademiyasına kimi apardı. Arzusu yarımçıq qaldı, çox uça bilmədi. Amma yenə buna da şükürlər olsun".
Q.Ağayeva oğlunun sevdiyi qız olduğunu, ancaq bu barədə sonradan öyrəndiyini bildirib:
"Sevdiyi qız var idi. Mən onu sonra bilmişəm. Heç mənə deməyib. Demişdi ki, belə bir şey var, amma mən şəhid olduğu günün səhəri öyrəndim ki, bizə gəlibmiş. Qız sonra gəldi, mənimlə görüşdü, dedi ki, mənə xeyir-dua ver. Mən bir ana kimi "Allah xoşbəxt etsin, yolunu açıq etsin" söylədim".
Şəhid anası oğlu ilə son telefon zəngindən danışıb: "Axırıncı dəfə oktyabrın 24-ü danışdı. Dedi ki, ağır döyüşlər gedir, sənə zəng etməsəm, qorxma. Axırıncı zəngi onda oldu. Oktyabrın 26-sı səhər ev telefonu zəng çaldı, bir qadın səsi gəldi. Xanım dedi ki, oğlunuz yaralanıb. Mən inanmadım, dedim, məni aldatma. Həmin gün sanki dünya başıma uçdu. Qışqıra da bilmədim, çünki yoldaşım xəstə idi. Heç nə başa düşmürdü, uşağın şəhid olduğunu, son günə kimi harada olduğunu bilmədi".
Ətraflı süjetdə:
Rəylər