“Bakı Zooloji Parkı oktyabrın 7-də İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub. İlk ziyarətçilərimiz uşaq evlərinin sakinləri və şəhid ailələrindən olan 450 nəfərə yaxın uşaq olub”.
Oxu.Az-ın xəbərinə görə, bunu Bakı Zooloji Parkının icraçı direktoru Nəzakət İsayeva deyib.
“Tədbirin sonunda zooparkın ərazisində uşaqlar üçün ziyafət və şənlik təşkil ediləcək, xatirə fotoları çəkiləcək”, - deyə o qeyd edib.
N.İsayeva onu da bildirib ki, parkın ərazisi yenidənqurma işləri nəticəsində 4,25 hektara çatdırılıb:
“Digər yeniliklər və müxtəlif əyləncə obyektləri ilə yanaşı, ərazidə uşaq meydançası, lektoriya və elektron bələdçi sistemi yaradılıb. Zooparkdan fiziki qüsurlu insanların rahat istifadəsi üçün şərait qurulub.
Heyvanlar üçün daha rahat volyerlər, akvaterrarium, kontakt zooparkı, süni göl və hovuzlar və baytarlıq klinikası inşa edilib. Heyvanların saxlandığı volyerlərin sahəsi kifayət qədər genişləndirilib”.
Qeyd edək ki, zooparkda 125 növ heyvan saxlanılır. Bunlardan 62-si suda-quruda yaşayanlar, 39 növ məməlilər və 24 növ quşlardır. Həmçinin burada “Qırmızı kitab”a düşmüş yırtıcı quşlar da saxlanılır.
Səbuhi Musayev
FOTO: Firudin Səlimov