“Bu gün Azərbaycanda laboratoriyalar ən son avadanlıqlarla təchiz edilib və vətəndaşlara yüksək səviyyədə xidmət göstərilir”.
Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin efirində yayımlanan “Hədəf” televiziya proqramında qonaq olarkən deyib.
Onun sözlərinə görə, insanlar sosial məsuliyyəti dərk edirlər:
“Hər bir azərbaycanlı bilməlidir ki, hökumət əlində olan imkanlardan da artığını edir. Bu gün fəaliyyət göstərən laboratoriyalar nəinki paytaxtda, həm də regionlarda var. Təsəvvür edin, xəstəliyə şübhəsi olan insanın analiz nümunələrini regiondan Bakıya gətirməsi nə dərəcədə çətinlik yaradardı.
Bu gün regionlarda bütün laborator müayinələr yüksək səviyyədə aparılır. Lakin insanlar özləri də dərk etməlidirlər ki, yoluxma hallarının qarşısı operativ şəkildə alınmalıdır. İnsanlar özlərini, yaxınlarını da düşünməli və yoxlamalardan yayınmamalıdırlar. Azərbaycan səhiyyəsinin, xarici ölkələrdə yüksək səviyyədə təlim keçmiş çox savadlı kadrları var.
Bütün ölkə üzrə səhiyyə işçiləri gücləndirilmiş iş rejimində çalışır. Həkimlərimizin üzərinə çox ciddi məsuliyyət düşür və onlar bu günə qədər öz vəzifələrini yüksək səviyyədə yerinə yetiriblər. Ümid edirik ki, bu, belə də davam edəcək”.
Könül Cəfərli