Səhiyyə Nazirliyi ilkin tibbi yardım mövzusunda maarifləndirici tədbir keçirib.
Oxu.Az xəbər verir ki, “Dəniz Mall” Ticarət Mərkəzində Səhiyyə Nazirliyi və 1 nömrəli Bakı Tibb Kolleci tərəfindən “İlkin tibbi yardım” mövzusunda təlim təşkil olunub. Ümumdünya Səhiyyə Təşkilatının Bakı Nümayəndəliyinin iştirakı ilə keçirilən maarifləndirici tədbirdə kollecin tələbələri tərəfindən asfiksiya və kliniki ölüm zamanı həkiməqədər ilk tibbi yardım üsulları nümayiş etdirilib.
Eyni zamanda, bədbəxt hadisələr zamanı zərərçəkən və xəsarət alan insanlara ilkin tibbi yardımın göstərilməsi bacarıqları (ürəyin qapalı masajı və süni tənəffüs) mulyajların üzərində nümayiş olunub. Maarifləndirici tədbir vətəndaşların böyük marağına səbəb olub.
1 nömrəli Bakı Tibb Kollecinin müəllimi Jalə Həyətova Oxu.Az-a açıqlamasında bildirib ki, tədbirin məqsədi tələbələrin insanların çoxluq təşkil etdiyi ictimai yerlərdə insanlara ilkin tibbi yardım göstərmələridir:
“Xüsusilə də ürək fəaliyyətinin və tənəffüsün çatışmazlığı zamanı insanlara ilkin köməklik göstərməyi bilmək lazımdır. Həyat xilas etmək hər birimizin məsuliyyətidir. Eyni zamanda yad cisimlə boğulma zamanı şəxsə hansı köməkliklər etmək lazımdır bunu bilmək vacibdir. Bu gün keçirilən maarifləndirici tədbirlərdə iştirak edən hər bir kəsin öyrəndiyi bir məqam bir insanın həyatını xilas edə bilər”.
Daha sonra 1 nömrəli Bakı Tibb Kollecinin tələbələri və könüllülərin iştirakı ilə “İlk yardımı öyrən, həyat xilas et!” adlı fləşmob keçirilib.
Qeyd edək ki, məlumatlandırıcı xarakter daşıyan tədbirin həmçinin paytaxtın digər məkanlarında da təşkil olunması nəzərdə tutulur.
Xatırladaq ki, bu tədbir axşama qədər davam edəcək.
Könül Cəfərli