Səkkiz yaşlı Nihad Şirinov leykozdan əziyyət çəkir və sümük iliyi transplantasiyasına ehtiyacı var.
Bu barədə Oxu.Az-a uşağın anası Səbinə Şirinova məlumat verib.
O, qeyd edib ki, övladının xəstəliyini iki yaşında biliblər:
“Üç il oğlum kimyəvi terapiya aldı, beş yaşında olanda həkimlər leykozun keçdiyini dedilər. İndi isə səkkiz yaşı var və təəssüf ki, residiv baş verib”.
Uşağın vəziyyəti hazırda çox ağırdır. Xəstəlik onun bütün bədəninə yayılıb. Bundan əlavə, Nihad hepatit C xəstəliyindən də əziyyət çəkir və qaraciyəri funksiyalarını tam icra edə bilmir.
“Təcili sümük iliyi nəqli əməliyyatına ehtiyacı var. Müalicə üçün Türkiyənin Antalya şəhərinə gəlmişik. Burada “Medical Park” xəstəxanasında müalicə alır. İllərdir bu xəstəliklə mübarizə apardığımız üçün artıq maddi gücümüz tükənib. Bizim xalqımızın dəstəyinə ehtiyacımız var. Övladımızı itirmək istəmirik”, - deyə Nihadın anası bildirib.
Telefon: 077 570 81 97 (Səbinə Şirinova)