Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Çernobıl əlillərinə birdəfəlik maddi yardım ayırıb.
Oxu.Az Nazirliyin məlumatına istinadən xəbər verir ki, maddi yardımlar gələn həftə qeyd olunan vətəndaşların bank hesablarına köçürüləcək.
Hazırda Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olan I qrup əlillərə 150 manat, II qrup əlillərə 130 manat, III qrup əlillərə isə 100 manat məbləğində Prezident təqaüdü ödənilir.
Azərbaycan Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verən I qrup əlilliyə görə sosial müavinət alanlara əlavə olaraq ayda 60 manat məbləğində Prezident təqaüdü də verilir.
Çernobıl əlillərinə müalicə üçün ildə bir dəfə olmaqla birdəfəlik müavinət, onların 16 yaşınadək (ümumtəhsil müəssisələrində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə görə isə aylıq sosial müavinət ödənilir.
Qeyd olunanlarla yanaşı, ötən dövrdə Çernobıl əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırlması istiqamətində də tədbirlər görülüb, habelə 195 nəfər Çernobıl əlili dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin edilib.
Digər əlillərlə bərabər, Çernobıl əlillərinin sanator-kurort putyovkaları, tibbi-sosial reabilitasiya xidməti və s. ilə təmin edilməsi sahəsində də məqsədyönlü işlər aparılır.
Məlumat üçün bildirək ki, Çernobil AES-də baş vermiş qəzanın üstündən 29 il ötür.
Ülviyyə R.Əli
www.oxu.az