Şəmkirdə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, aparılan araşdırmalar zamanı Şəmkirdə müxtəlif vaxtlarda dönər qəbul etmiş şəxslərin zəhərlənmələri ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapmayıb:
“Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən zərərçəkənlərə “dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit və kolit” diaqnozu qoyulmuş və hazırda xəstələrin ambulator yardım alaraq evə buraxıldığı məlum olub. Həmçinin Agentliyin mütəxəssisləri tərəfindən bu istiqamətində araşdırmalar davam etdirilir və araşdırmaların nəticəsi barədə məlumat veriləcək.
Əlavə olaraq qeyd edək ki, vətəndaşlar zəhərlənmə halları ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara etibar etməli, media vasitələri isə bu cür xəbərləri yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə məlumatı dəqiqləşdirməlidir”.
11:19
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı açıqlama verib.
AQTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:
“Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə Oxu.Az-a bildirilib ki, 12.02.2024-cü il tarixində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə qida zəhərlənməsi şübhəsilə dörd müraciət, 13.02.2024-cü il tarixində isə beş müraciət daxil olmaqla ümumilikdə doqquz nəfər gətirilib. Onların hər biri 3-11 yaş arasında azyaşlılardır (4 qadın cinsli, 5 kişi cinsli olmaqla) və hər birinə zəruri tibbi xidmətlər göstərilərək, ambulator müalicə üçün evə buraxılıb. Vəziyyətləri qənaətbəxşdir.
10:12
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub.
“Report”un Qərb bürosunun məlumatına görə, zəhərlənən şəxslər Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Həmin şəxslər 2015-ci il təvəllüdlü R.Quluyev, 2015-ci il təvəllüdlü C.Cəlilov, 2015-ci il təvəllüdlü Z.Nadirova, 2015-ci il İ.Məmmədova, 2020-ci il R.Məmmədov, 2014-cü il təvəllüdlü A.Məmmədli, 2017-ci il təvəllüdlü B.Məmmədli, 2018-ci il təvəllüdlü Ö.Məmmədli, 2013-cü il təvəllüdlü Ş.İsgəndərov və 2008-ci il təvəllüdlü A.Məmmədovadır.
Onlardan ikisinin vəziyyəti kafi qiymətləndirilir.
Zərərçəkənlər dönərxanada yedikləri dönərdən sonra özlərini pis hiss etdiklərini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
Şəmkirdə kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan REAKSİYA - YENİLƏNİB + VİDEO
İlhamə Əbülfət
Rəylər