17-25 iyun tarixlərində keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başa çatıb. Tam elektron formada, ölkə üzrə 19 şəhər və rayonda fəaliyyət göstərən 35 imtahan mərkəzində təşkil olunmuş imtahanlarda ümumilikdə 22 min nəfərdən çox müəllim iştirak edib, 96 faiz davamiyyət qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜDTA) məlumat yayıb.
Bildirilib ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq və bu barədə ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək. Əlavə edirik ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 26 iyun saat 12:00-dan etibarən start veriləcək.
Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.
Qeyd edək ki, müraciətlərin qəbulu 26 iyul saat 12:00-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi sertifikatlaşdırma prosesindən uğurla keçən bütün müəllimləri təbrik edir, onların bilik və bacarıqlarını, məsuliyyətli fəaliyyətini və əzmini yüksək qiymətləndirir, müəllimlərə gələcək pedaqoji fəaliyyətlərində uğurlar arzulayır.