Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesində iştirak edən bir sıra müəllimlər yüksək nəticələri ilə seçiliblər.
Oxu.Az xəbər verir ki, imtahanın test mərhələsində ölkənin müxtəlif bölgələrindən olan müəllimlər 60 bal toplayaraq maksimum nəticə göstəriblər.
Abşeron rayonu, Hökməli qəsəbə tam orta məktəbinin riyaziyyat müəllimi Fərqanə Quliyeva sertifikatlaşdırma imtahanında 60 bal toplayaraq fərqlənib.

Gəncə şəhəri, N.Nərimanov adına 25 nömrəli tam orta məktəbdə çalışan riyaziyyat müəllimi Fəridə Qurbanova da test mərhələsində maksimum nəticə əldə edib.

Xaçmaz rayonu, Manafoba kənd ümumi orta məktəbinin coğrafiya müəllimi Arzu Mövlamova Şimal regionu üzrə keçirilən test imtahanında 60 bal toplayaraq uğur qazanan müəllimlər siyahısına adını yazdırıb.

Qeyd edək ki, təhsilverənlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilən test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində Naxçıvan şəhəri də daxil olmaqla, ölkənin 19 müxtəlif şəhərində yerləşən 39 imtahan mərkəzində təşkil olunur.