24 sentyabr - “Beynəlxalq Lal-karlar günü”nü qeyd edən “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi aksiya keçirib.
Oxu.Az xəbər verir ki, “Səssizliyin səsi ol!” adlı aksiya çərçivəsində təşkilatın üzvləri və könüllülərdən ibarət komanda Azərbaycan Dövlət himnini işarət dilində ifa edib.
İnsanların geniş marağına səbəb olan aksiyanın keçirilməsində məqsəd cəmiyyətin aktiv təbəqəsi olan gənclərin və ümumilikdə vətəndaş cəmiyyətinin xüsusi diqqət və qayğısını eşitmə və nitq məhdudiyyətli insanlara cəmləmək olub.
Təşkilatın sədri Cəmilə Abdulova çıxışı zamanı 5 ildir ki, fəaliyyət göstərən “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İB-nin dövlət qeydiyyatına alınmasının 1 illiyinin də qeyd edildiyini xatırladıb.
Tədbirdə çıxış edən Hüquqşünaslar Birliyinin Sədri Nicat Gözəlov digər VCT fəallarının və gənclərin də bu tip aksiyalara qoşulmalarını tövsiyə edib. N.Gözəlov Azərbaycan cəmiyyətini eşitmə və nitq məhdudiyyətli, lakin kifayət qədər istedadlı gənclərə qarşı xüsusi qayğıyla yanaşmağa dəvət edib: “Himnin işarət dili vasitəsilə ifası zamanı səs eşidilməsə də, hər jestin arxasında bir nəfəsin dayandığını unutmayaq”.
Qeyd edək ki, tədbirə bir sıra ictimai xadimlər və vətəndaş cəmiyyəti strukturlarının rəhbərləri də təşrifləri ilə dəstək olublar.
A.S.
www.oxu.az