Bir gün əvvəl qədər “Sevil Massivi Yaşayış Kompleksi”ndə də tikinti işləri dayandırılması barədə mətbuatda yayılan xəbərlər əhali arasında haqlı təşvişə səbəb olub.
Qeyd edək ki, yayılan məlumatlarda yaşayış binalarının inşasını həyata keçirən şirkətdə yoxlamaların başladığı, şirkət rəhbəri Aynur Zeynalovun respublikadan qaçdığı bildirilirdi.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı “Sevil Massivi” MTK bu gün təkzib məlumatı yayıb.
Həmin məktubu təqdim edirik:
“Sevil Massivi MTK müştərilərə faizsiz kreditlə torpaq və mənzil əldə etmək imkanı yaradır. Azərbaycanda ilk inşaat sektoru kimi faizsiz kredit şərti ilə minimum qiymətlərlə mənzil və ya torpaq təklif edən yeganə şirkət olaraq təqdim etdiyimiz kammunikasiya xətləri (qaz, su, işıq, kanalizasiya və telefon xətti), sənədləşmə ilə birlikdə müasir bir şəhərcik salırıq.
Massivin yaşayış başladıqdan sonra tam infrastrukturla – məktəb, baxça, poliklinika, aptek, ticarət mərkəzi ilə təmin olunması əhalinin ehtiyaclarını olduqca rahatlaşdıracaqdır. Müştərilərimiz əldə etdikləri mənzil və ya torpaq sahəsinə ödədikləri qiymətlərdən razıdırlar, bir çox müştəriyə tam sənədləşdirmə - çıxarış verilib.
Hazırda Sevil Massivində Vergilər Nazirliyi tərəfindən yoxlamalar getdiyi üçün ofisdə və massivdə işlər bir müddətlik dayandırılıb.
Qeyd etdiyimiz yoxlama bizim xeyrimizədir, düzgünlüyümüzün və şəffavlığımızın sübutudur. Sənədlərimizin yoxlamadan keçməsi zaman alır və bu zaman ərzində heç bir əsası olmadan yazılan xəbərlər yayan saytlar öz xeyirlərinə əhalinin təşvişə düşməsindən sanki razı qalan insanlardır. Tezliklə ofisimiz fəaliyyət göstərəcək və müştərilər əvvəlki kimi ödənişlərini edə biləcəklər. Əhalinin təşvişə düşməsi üçün heç bir səbəb yoxdur.
Məlumat üçün bildiririk ki, Aynur Zeynalov Respublikadadır, yazılan xəbərlər tamamilə yalnışdır. Menecer, mühasib və ya hər hansı bir işçimizin tutulması xəbərinin heç bir əsası yoxdur, ofisdə iş başlandıqdan sonra hər kəs əvvəlki kimi işinin başında olacaqdır. Və sonda əhalini bu cür narahat edən xəbərlərə qarşılıq olaraq Sevil Massivi MTK olaraq ofisimizin yaxın müddətdə fəaliyyət göstərəcəyini bir daha təsdiq edirik”.