"Klinik psixoloqların sertifikatlaşdırılması və fəaliyyətlərinin tənzimlənməsi ilə bağlı ciddi boşluqlar mövcuddur".
Oxu.Az xəbər verir ki, bunu TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova "Uşaqların zərərli informasiyadan qorunması və rəqəmsal mühitin təhlükəsizliyinin təmin edilməsi" mövzusunda ictimai dinləmədə çıxışında bildirib.
Onun sözlərinə görə, hazırda özəl sektorda xəstəxanaların fəaliyyətə başlaması üçün sertifikat tələbi olsa da, psixoloji mərkəzlərin sertifikatlaşdırılması həyata keçirilmir və onların fəaliyyətini tənzimləyən ayrıca qanunvericilik bazası mövcud deyil:
"Bu səbəbdən həmin mərkəzlərin xidmət keyfiyyətini və peşə standartlarına uyğunluğunu obyektiv şəkildə qiymətləndirmək mümkün olmur.
Məsuliyyətli və məlumatlı cəmiyyətin formalaşması, dövlət qurumları, təhsil müəssisələri, mütəxəssislər və valideynlərin birgə fəaliyyəti uşaqların sağlam inkişafının təmin olunmasına və onların təhlükəsiz mühitdə böyüməsinə mühüm dəstək verəcək".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə qeyd edib ki, əsasən fiziki sağlamlığa önəm verilir, amma psixloji sağlamlıq da önəmlidir:
"Psixi sağlamlığı müalicə edənlərin özünün psixoloji vəziyyəti, səviyyəsi vacibdir. Psixoloqlarla əlaqədar növbəti qanunvericilik təşəbbüsü olacaq. Qanunlara yenidən baxılmalıdır. Bu bizim növbəti təşəbbüsümüz olacaq, hazırda bunun üzərində işləyirik".