Nəvaziş göstərmək vərdişi uşaqlıqdan formalaşır, lakin yaş artdıqca insanlar hisslərini ifadə etməkdə çətinlik çəkirlər.
Oxu.Az xəbər verir ki, bunu rusiyalı psixoloq Yekaterina Molniya "Vesti"yə müsahibəsində bildirib.
Mütəxəssisin sözlərinə görə, ailədə uşağa göstərilən münasibət onun gələcəkdə, yetkinlik dövründə necə davranacağına təsir edən model rolunu oynayır.
"Yaş artdıqca nəvaziş göstərmək bizim üçün çətinləşir. Uşaqlıqda gördüklərimiz və valideynlərimizin bizə münasibəti gələcəkdə necə davranacağımızı müəyyənləşdirir. Əvvəlki nəsillərin nümayəndələri əsasən həyatda qalmaq və işləmək məcburiyyətində idilər. Onlar üçün ən vacib məsələ bizi yedizdirmək, yatızdırmaq, xəstəliklərdən qorumaq, təmiz saxlamaq və məktəbdə yaxşı oxumağımızı təmin etmək idi.
Bəzən bu məqsədlə sərt cəzalara əl atılırdı və valideynlər bunun sevginin bir göstəricisi olduğuna səmimi şəkildə inanırdılar. Həmin dövrdə zəifliyi açıq şəkildə ifadə etmək qəbul olunmurdu.
İndi isə səmimiyyətə və sevgiyə olan ehtiyacımızı gizlətməyə çalışırıq. "Darıxmışam, məni qucaqla" deməkdənsə, iş, alış-veriş və ya gələcək planlar barədə danışmaq bizə daha asan gəlir. Bütün bunların təməli uşaqlıqda qoyulur", - deyə mütəxəssis qeyd edib.
Psixoloqun fikrincə, yetkin insanlar nəvaziş göstərməyi öyrənməli və bu vərdişi özlərində inkişaf etdirməlidirlər.
Ekspert bunun üçün insanlarla ünsiyyəti sanki bayram günündə olduğu kimi qəbul etməyin faydalı olduğunu bildirib.
"Bayram günlərində hisslərimizi ifadə etməyə özümüzə daha çox icazə veririk. Məsələn, ad günlərində kiməsə "Sən mənim üçün çox dəyərlisən" deyə bilirik. Lakin adi bir bazar ertəsi və ya çərşənbə axşamı bunu etmək bizə yöndəmsiz görünür.
İçimizdə sentimental və ya bezdirici görünmək, qarşılığında zarafatla və ya soyuq münasibətlə üzləşmək qorxusu olur. Düşünürəm ki, xüsusi günlərdə necə davrandığımızı xatırlamalı, həmin bayram əhvali-ruhiyyəsini gündəlik həyatımıza daha çox gətirməli və özümüzə xoş sözlər deməyə imkan verməliyik", - deyə o bildirib.