Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Uşaq Onkoloji Klinikasına, burada müalicə olunan balaları ziyarət etmək üçün gedib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, şeyxin Qafqaz Müsəlmanları İdarəsinin xüsusi fondu hesabına alıb gətirdiyi hədiyyələr - xüsusi tibbi avadanlıqlar, xəstələrə həyati zəruri olan vasitələr böyükləri, gəlinciklər, oyuncaq maşınlar, bağışladığı Bala dili dərgiləri isə uşaqları sevindirib.
Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin sözlərinə görə, uşaqlar bizim gələcəyimiz, həyatımız və davamçılarımızdır:
“İmkanı olan bəzi müəssisələr az da olsa, utanmadan, çəkinmədən köməklik göstərsinlər. Bizlər cəmiyyətdəki xəstəlikləri birlikdə aradan qaldıra bilərik”.
Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyev isə xəstəxananın işçiləri və uşaqlar adından Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə təşəkkür edib:
“Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin Milli Onkologiya Mərkəzinə hədiyyə etdiyi tibbi avadanlığa böyük ehtiyacı var idi. Buna görə mən Şeyxə çox sağ ol deyirəm”.