Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Silahlı insidentlə bağlı xidmətini dayandıran hipermarket fəaliyyətini bərpa edib
Ötən gün Bakının Xətai rayonu, “Əhmədli” metrostansiyası yaxınlığında yerləşən “Bravo” hipermarketin girişində, müxtəlif banklara məxsus bankomatların və ödəniş terminallarının yerləşdiyi hissədə üçüncü tərəfin inkassasiya heyətinə edilən silahlı hücumdan sonra xidmətini fəaliyyətini müvəqqəti dayandıran hipermarket normal iş rejimini bərpa edib.
Hipermarket artıq bu gün saat 07:00-dan etibarən fəaliyyətini davam etdirərək müştərilərin qəbulunu həyata keçirir.
Qeyd edək ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank”ın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə vəfat edib. Hadisə nəticəsində hipermarketin müştəri və əməkdaşlarından xəsarət alan olmayıb.
İnsidentlə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır. Rəsmi qurumlar tərəfindən verilən ilkin məlumata görə, silahlı insidenti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılov zərərsizləşdirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılıb, digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək.
Rəylər