Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şirkət rəhbəri 50-yə yaxın şəxsi ABŞ-a aparacağını deyərək aldadıb - FOTO
Karantin zamanı 50-yə yaxın şəxsi ABŞ-a aparacağı ilə aldadan şirkət rəhbəri haqda hüquq-mühafizə orqanlarına şikayət olunub.
Qafqazinfo-ya müraciət edən vətəndaş Abbas Yaqubov bildirib ki, sosial şəbəkədə “Smart Business Group” adlı şirkətin fəaliyyəti ilə tanış olub: “Ofisləri “Caspian Plaza”da 7-ci mərtəbə yerləşirdi. Şirkətin rəhbəri özünü bizə “Azər Əliyev” kimi təqdim etsə də, sonradan onun Xəlilov Anar Tapdıq oğlu olduğunu öyrəndik.
Martın əvvəli qeydiyyatdan keçdim. “Work and Travel” layihəsi ilə ABŞ-a gedib oteldə işləyəcəkdim. Buna görə ümumi 5 min manat ödəməli idim, mart ayında 1600, aprelin 18-də isə əlavə 1600 manat ödədim. Karantin vaxtı sərhədlər və uçuşlar bağlı olsa da, Anar Xəlilov deyirdi ki, ABŞ səfirliyi tezliklə uçuşların bərpa olunacağını deyib.
Deyirdi, sərhədlər açılmasa da onun tanışları var, həll edəcək. Pulu verəndən sonra gördüm məsələ alınmır, müqaviləni ləğv edib pulumu geri istədim. Amma iki ay ərzində müxtəlif vədlər verib pulu qaytarmadı. İyulun sonunda bizə sosial şəbəkədə səsli mesaj göndərərək dedi ki, “mən xaricdəyəm, hara istəyirsiniz, şikayət edin”. Mən tək deyiləm, təhsil üçün getmək istəyənlər də var idi. Bəzi vətəndaşlardan 10 min manatdan çox pul alıb. Bizim hesablamamıza görə, 100 min manatdan çox pul “atıb”.
A.Yaqubov qeyd edib ki, həmin şəxslə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilib: “30-a yaxın zərərçəkmiş Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdi. Amma hələ də müraciətimizlə bağlı araşdırma aparılmır, heç bir iş görülmür. Polis İdarəsində bizə dedilər ki, həmin şəxslə bağlı 50-yə yaxın şikayət var”.
Rəylər