“Əgər bir kişi öz profilində arvad fotosu və adı yerləşdirərək şərh yazırsa, ondan nə kişi olacaq? Bu cür hərəkətlər heç bir qanuna və kişiliyə sığmır”.
Oxu.Az xəbər verir ki, bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov sosial şəbəkələrlə bağlı təklifinə qarşı çıxan şəxslərə cavab verərkən deyib.
S.Novruzov artıq həmin şəxslərin kimliyinin hər kəsə məlum olduğunu bildirib:
“İndi hər kəsə də bəllidir ki, bu cür işlərlə kimlər məşğul olur. Mənim təklifimə qarşı çıxan adamların özləri bu cür çirkin işlərlə məşğuldur. Ona görə də doğru yolda olan adamlar bu məsələdən qəti narahat olmasınlar.
Bundan qanunun aliliyindən qorxaraq başqa-başqa adlar altında ayrı-ayrı şəxsləri təhqir edənlər və ermənilərdən 5 manat pul alıb, Azərbaycan əleyhinə çirkin təbliğat aparan şəxslər qorxsunlar”.
Komitə sədri qeyd edib ki, sosial şəbəkələrdə onun fikirlərini ayrı istiqamətlərə yozan qüvvələr Azərbaycan dövlətçiliyi əleyhinə olan adamlardır:
“Onların mənim fikirlərimi başqa cür təqdim etməyə haqları yoxdur. Mən tam obyektiv olaraq bildirmişəm ki, sosial şəbəkələrdə Azərbaycanın milli və dövlətçilik maraqlarına zidd və erməni mənbələrinə istinad edilən müxtəlif məlumatlar yayırlar.
Əgər sosial şəbəkələrdə qeydiyyatdan keçən şəxslər, doğrudan da qanunazidd fikirlər söyləmirsə, heç bir cinayətə və ya qanun pozuntusuna yol vermirsə, o zaman adını, soyadını və ünvanını dəqiq yazıb göstərsinlər. Daha niyə anonim adlarla qanunazidd hərəkətlərə yol verirlər?”.
U.A.
www.oxu.az