Qan Turalı yazır...
Azərbaycan haqqında yazılan ən gözəl şeir heç şübhəsiz ki, Səməd Vurğunun "Azərbaycan" şeiridir. Həmin o şeirin ən ürəyə toxunan misraları bəlkə də budur:
Düşdün uğursuz dillərə,
Nəs aylara, nəs illərə.
Nəsillərdən nəsillərə,
Keçən bir şöhrətin vardır.
Oğlun, qızın bəxtiyardır...
Doğrudan da, vətənimizin taleyi həmişə ağrılı olubdur, əzablı olub. Ölkəmizin ortasından bir Araz keçir ki, daim ən kədərli nəğmələrə mövzusudur. Ancaq söz Arazdan, ikiyə bölünmüş xalqdan düşəndə mən həmişə iki yerə bölünmüş Koreyanı xatırlayıram.
Onların Arazı 38-ci şimal paralelidir. 1950-1953-cü illərdə Koreyada vətəndaş müharibəsindən sonra Şimali və Cənubi Koreya sərhəd məhz bu paralel əsasında çəkilib. O zamandan bu yana qədər hər iki ölkə düşmən münasibətindədir, sərhədləri bağlıdır.
Bu günlərdə oxuduğum bir xəbər bütün bunlar haqqında məni yenidən düşünməyə vadar etdi. Söhbət Cənubi Koreyanın Seanqmodo adasında yaşayan Park Yunqdan gedir. Belə ki, o düyüylə doldurduğu plastik qutuları dənizə atır. Atır ki, qarşı sahildə olan şimali koreyalılara çatsın. Əlbəttə ki, bu qabların çox az bir hissəsi gedib ünvanına çatır.
Parkın əməli qanunla qadağan idi. Belə ki, Cənubi Koreya hökuməti kommunist Şimali Koreyaya ixracatı 2020-ci ildə qadağan etmişdi. Ona görə də Park bütün bunları gizlin edirdi. Ancaq Cənubi Koreyanın Konstitusiya məhkəməsi ixracat qərarını ləğv etdi. Ondan sonra Park düyüləri göndərdiyini elan etməyə başladı.
Park öz əməlini belə izah edir: "Mənim qardaşlarım acdır. Mən də onlara yemək göndərirəm. Burada səhv haradadır?" O, plastik qablarını göndərmək üçün 9 apreli seçmişdi. Çünki həmin gün dənizdə güclü qabarma-çəkilmə olacaqdı. Bununla da plastik qablar Şimali Koreyaya daha tez çata biləcəkdi.
Park əslən Şimali Koreyadandır. 26 il əvvəl ailəsi ilə birgə Cənubi Koreyaya mühacirət etmişdi. O Şimali Koreyada yaşayarkən küçədə aclıqdan ölən insanların meyitlərini görmüşdü. Bu meyitlər onun yadından heç zaman çıxmayacaqdı. Üstündən onilliklər keçsə belə...
Park ikilitrlik plastik qablara təkcə düyü yox, eyni zamanda fləş-kartlar da qoyurdu. Həmin kartlarda isə Cənubi Koreya musiqiləri, iki Koreyanı qarşılaşdıran videolar, Şimali Koreyadan bəhs edən seriallar və İncil vardı (Koreyalıların əksəriyyəti xristiandır - red.). Bir sözlə, Park təkcə maddi qida yox həm də mənəvi qida göndərirdi.
Bəzi qablara isə 1 dollarlıq da qoyurdu. Çünki dollar Şimali Koreyada nadir tapılır və çox baha qiymətə satılır. Bu da bir növ hədiyyədir. Pandemiya zamanında isə Kim öz plastik qabları ilə ağrıkəsicilər, maskalar qoyub onları Şimali Koreyaya göndərirdi.
Parkın qablarının bir xeyli hissəsi ünvanına da çatırdı. Cənubi Koreyaya mühacirət etməyi bacaran ailələrin bir neçəsi Parka etdikləri üçün təşəkkür də ediblər. Çünki onlar Şimali Koreyada ikən bu qabları aldıqlarını deyirdilər. Park öz əməlini belə izah edir: "Bu, yardım üçün edə biləcəyimiz ən elementar şeydir".
Qloballaşan dünyada bu cür acı həqiqətlərin varlığı necə də ağrılıdır. Park öz əməllərinə görə dəfələrlə təqib edilib, polis məntəqələrinə çağırılıb. Ona şübhə ilə yanaşan insanlar da olub. Bəziləri onu Şimali Koreyanı qızışdırmaqda ittiham edib. Ancaq bütün bunlara baxmayaraq Park öz əməlindən geri durmayıb. Öz əməlini də qəhrəmanlıq saymır, adi bir iş, vəzifə hesab edir.
Səməd Vurğunun "Azərbaycan" şeirində "zülm əlindən qurtulmuşlar"dan bəhs edir. Ancaq təəssüf ki, dünyada zülm hələ də mövcuddur. Və şairin qoyduğu nəhəng fəlsəfi sual, "Qalib gələcəkmi cahanda kamal?!" sualı hələ də cavabsız qalmaqdadır.