Azərbaycanın işğaldan azad edilən ərazilərində minalardan təmizləmə prosesləri davam etdirilir. Əməliyyatlarla bərabər, əhali minalar və sursatların yaratdığı təhlükələr barədə birbaşa ünsiyyət yolları ilə və təhlükə lövhələrinin vasitəsilə maarifləndirilir.
30 illik işğal dövründə və müharibə zamanı sözügedən ərazilər ermənilər tərəfindən minalanıb.
Hazırda görülən tədbirlər hansı mərhələdədir, təmizlənmə prosesi necə aparılır, ərazilərə icazəsiz keçməyə cəhd edən vətəndaşların maarifləndirilməsi istiqamətində hansı işlər görülür?
Oxu.Az-ın bu və digər suallarını isə ANAMA-nın Monitorinq və Keyfiyyətə Nəzarət şöbəsinin müdiri Elnur Qasımov cavablandırıb.

O bildirib ki, 30 illik işğal dövrü və müharibə zamanı ərazilərimiz düşmən tərəfindən yalnız minalanmayıb:
“Bu ərazilərdə çoxsaylı silah-sursatlardan da istifadə edilib ki, onların böyük bir hissəsi döyüş meydanında atılıb. Düşmən tərəfindən Azərbaycan ordusuna və əhalisinə mümkün qədər zərər vurulması üçün müxtəlif növ əngəllərdən və qeyri partlayıcı maddələrdən maneə məqsədilə istifadə edərək ərazilər müxtəlif növ kirlənməyə məruz qoyulub. Bu səbəbdən işğaldan azad edilən ərazilərdə həyata keçirilən fəaliyyətlər çərçivəsində minalar və döyüş sursatları ərazilərdən təmizlənir və bununla yanaşı müxtəlif maneələr və tikanlı məftillər də aradan qaldırılır ki bizdən sonra fəaliyyət göstərən bərpa və tikinti tədbirlərinin təhlükəsizliyi təmin olunsun”.
Beynəlxalq minatəmizləmə standartlarına əsasən həyata keçirilən minatəmizləmə, tətbiq olunan üsullar barədə danışan E.Qasımov bildirib ki, hər bir əməliyyatdan öncə qeyri-texniki kəşfiyyat aparılaraq təhlükənin yerləşdiyi ərazi, növü, partlayıcı maddələrin verə biləcəyi fəsadlar, bunların sosial-iqtisadi təsirləri, onların topoqrafik və s. mənbələrdən məlumatlarını bir araya gətirərək təhlillər aparılır:
“Kənardan sahəyə müdaxilə etmədən aparılan müşahidələr nəticəsində təhlükənin harada daha çox ehtimal olunduğu müəyyən olunur. Qeyri-texniki tədqiqat fəaliyyətindən sonra texniki tədqiqat prosesləri aparılır. Texniki tədqiqat prosesində qeyri-texniki tədqiqatlardan fərqli olaraq daha dolğun ölçmə işləri aparılır, əraziyə müdaxilə etmə yolları ilə mina və silah-sursatların növünü, sıxlığını, relyef çətinliklərini, minaların dərinliklərini, eləcə də hansı sosial-iqtisadi çətinliklərin yaranmasını nəzərə alaraq həmin ərazilərdə ilkin əməliyyatlara başlayırlar.

Texniki kəşfiyyat qrupu azsaylı heyətlə aparılır və böyük bir qrup üçün əməliyyatlara şərait yaradır. Sahə 2 metrlik xətt ilə sərhədlənir ki, böyük bir qrup əraziyə yerləşdikdən sonra təhlükəsizlik məsafələrini gözləməklə ərazinin mərkəzinə doğru təmizləmə işlərini apara bilsinlər. Texniki tədqiqat qrupunun səlahiyyətinə daxil olan məsələlərdən biri də ərazinin kiçildilməsi üsulunun tətbiq edilməsidir. Belə ki, əgər texniki tədqiqat qrupu götürdükləri nümunələrə görə, ərazidə risk, mina sayları ehtimal olunandan az olduğuna dair qərar verərsə, o zaman texniki tədqiqat qrupu təmizləmə fəaliyyətini öz üzərinə götürür və prosesi mexaniki və mina axtaran itlərin köməyi ilə başa çatdıra bilər. Əgər texniki tədqiqat qrupu mina xəttinə rast gələrsə, həmin yerdə işini saxlayaraq sahənin digər tərəfindən eyni metodlarla təkrarlayır. Nəticədə təhlükələr müəyyən edildikdən sonra həmin ərazidə artıq təmizləmə qrupları fəaliyyətə başlayır. Minatəmizləmə qrupu aşkar etdiyi mina və döyüş sursatlarını partlayış yolu ilə zərərsizləşdirir. Əgər aşkarlanan təhlükəli obyektlərin daşınması mümkündürsə, minalar və silah-sursatlar daşınaraq cəm halında zərərsizləşdirilir ki, ərazi daha çox kirlənməsin.
Əməliyyatların gedişatında qrup və bölmə rəhbərləri tərəfindən daim nəzarət həyata keçirilir. İşin yekununda isə hər bir rəhbər işçilərinin təmizlədiyi ərazini yoxlayaraq ərazinin keyfiyyətli təmizləndiyini yoxlayır. Keyfiyyət idarəçiliyinin bir hissəsi olaraq ANAMA tərəfindən həmin ərazilərə elan olunmamış monitorinq səfərləri təşkil olunur. Bütün əməliyyatlar başa çatdıqdan sonra isə keyfiyyətə nəzarət qrupu sahəyə gələrək, sahəni müxtəlif hissələrdə yoxlayır ki, orada ötürülən, diqqətdən kənarda qalan obyekt qalmasın”.
Ərazilərin minalardan təmizlənməsində əməliyyatların aparılmasına təsiredici təbii amillər barədə də məlumat verən şöbə müdiri deyib ki, əməkdaşlar mövsümə uyğun olaraq xüsusi geyim və ləvazimatlarla təchiz edilirlər:
“Əməliyyata cəlb olunan işçi heyətinin fasilə vaxtı artırılır. Onlar daim açıq ərazidə, xüsusi geyimlərdə günəş şüaları altında çalışdıqları üçün, işçilərin sağlamlığının qorunması məqsədilə həddən artıq gün şüasına məruz qalmamaları üçün fasilələr verilir. Mövsümlə əlaqədar müxtəlif sürünənlər əməkdaşlara iş prosesində mane olur, hətta sanca bilir. Belə olan məqamda zəhərlənmə anında ilk yardım üçün zəruri olan bütün dərman preparatları həkim briqadamızda mövcuddur.
Ümumiyyətlə bütün mövsümlərin minatəmizləmə prosesinə özünəxas təsiredici amilləri vardır. Yağışlı havalardan sonra ərazi palçıqlı olur və həmin ərəfədə sürüşərək təhlükəli ərazilərə yıxılma ehtimalı nəzərə alınır və onlar digər təyinatlı əməliyyatlara cəlb olunurlar. Əməliyyatların növü müxtəlif olduğuna görə, hava şəraitinə görə müxtəlif təyinatlı işlərə cəlb edilirlər. Təbii faktorlardan biri də küləkli hava şəraitidir ki, bu da minaaxtaran itlərin fəaliyyətinə mane olur. Külək partlayıcı qoxusunu ətrafa yayaraq itləri çaşdırır. Bu baxımdan Beynəlxalq minatəmizləmə standartlarına əsasən, müəyyən külək həddində minaaxtarışları dayandırılır”.
Təəssüf ki, vətəndaşlar tərəfindən işğaldan azad olunan ərazilərə icazəsiz keçməyə cəhdlər olur və bu səbəbdən itkilər qeydə alınır.
Vətəndaşlara onları gözləyən təhlükə haqda maarifləndirici və xəbərdaredici istiqamətdə görülən işlərə diqqət çəkən Elnur Qasımov qeyd edib ki, minaların və döyüş sursatlarının törədə biləcəyi təhlükə vətəndaşların həyatını itirməsi ilə də nəticələnə bilər:
“Bunları nəzərə alaraq polis postlarından yayınıb, sözügedən ərazilərə keçməyə cəhd etməsinlər. Partlayış zamanı onlar həyatını itirə və ya ömürlük əlil qala bilərlər. Bu zaman isə onlar ailə üzvlərinə mənəvi əzab çəkdirmiş olacaqlar. Partlayış başqa heç bir hadisəyə bənzəmir. Bu zaman insan əllərini, ayaqlarını, gözlərini itirə bilər, baş nahiyəsinə sancılan qəlpələr sağlamlıqda ciddi qüsurlar yarada bilər. Vətəndaşlardan xahiş edirik ki, işğaldan azad edilən ərazilərə keçid üçün icazə verilənə qədər səbrli olsunlar, həyatlarını riskə atmasınlar”.
Könül Cəfərli