"Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri - yaşayış obyektlərin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi çox yüksək olan bina və tikililəri əhatə edəcəyi gözlənilir".
Oxu.Az-ın xəbərinə görə, bu barədə iqtisadçı deputat Vüqar Bayramov məlumat verib.

O bildirib ki, söküntü ilə bağlı ən çox verilən sual kompensasiya məbləği ilə bağlı olsa da, belə ödənişlərin evlərin sahələri üzrə necə təsnifləşdirilməsi də əhəmiyyətli məqamlardandır:
"Bəzi həyət evlərin sahələri kifayət qədər kiçikdir və həmin mənzillərə kompensasiyanın kvadratmetrə uyğun hesablanması, yoxsa ümumi evə görə konkret rəqəmin ödənilməsi vacib məqamlardandır. Məsələn, bəzi evlərin sahəsi 30 və hətta bir sıra hallarda 20 kvadratmetrdən azdır. Aydındır ki, sabit ödənişlər olan zaman az sahəsi olan mənzillərə ödənilən kompensasiya məbləği də müqayisəli şəkildə aşağı olur".
"Bir sıra ölkələrdə dövlət ehtiyacları üçün söküntü aparılan zaman azsahəli evlər üçün konkret məbləğdə kompensasiya və ya yeni mənzil təklif edilir. O baxımdan, daha məqsədəuyğun olardı ki, söküntülər zamanı Bakıda da diferensial kompensasiya məbləğləri tətbiq olunsun. Bu halda sahəsi nisbətən kiçik olan evlər üçün kompensasiya kvadratmetrə uyğun deyil, həmin mənzil sahibinə ev almaq üçün yetərli məbləğdə ödənilə bilər. Bu isə nisbətən az sahəli ev sahiblərinin mənzil probleminin həllinə dəstək olardı", - deyə deputat qeyd edib.